Qadınlar həyəcan təbili çalır

"Ölkəmizdə dağılan hər bir ailə, növbəti ailə cinayətlərinə təşnədir"
Hazırda ailələrdəki problemin çoxu mobil tətbiqlər, sosial şəbəkələr vasitəsilə əlaqə imkanlarından qaynaqlanır


Ailə kiçik bir dövlətdir və bu kiçik dövlətin hər birinin özünə aid qayda-qanunları, dəyərləri mövcuddur. Ailə iki insanın bir arada yaşaması və onların dünyaya gətirdiyi övladların üzərində bərkiyir, böyüyür. Təəssüf ki, son illərin statistikasını izləyərkən ürəkağrıdan mənzərənin şahidi oluruq. Ölkəmizdə nikahların sayı getdikcə azalsa da, boşanmaların sayı artır. Boşanmaların ən böyük səbəblərindən biri də sosial həyatımızla bağlıdır. İnformasiya imkanlarının gətirdiyi fəsadlar da ailə boşanmalarına səbəb olur.

"Qadın Liderliyi Uğrunda" İctimai Birliyi problemin aktuallığını nəzərə alaraq "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsini həyata keçirir. Ötən gün Gəncə şəhərində sözügedən layihə çərçivəsində "Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda gənclərin iştirakı ilə debat keçirilib. 

Birliyin sədri Ülkər Abdullayeva qeyd edib ki, müasir informasiya texnologiyalarının inkişafı, dünyada yeni sosial münasibətlər sisteminin formalaşması, sənaye dövründən informasiya dövrünə keçid ölkəmizin mövcud ailə modelinə təsirsiz ötüşməyib. Lakin insanların həyatında ailə vacib rol oynayır. Odur ki, ölkəmizdə bu institutun qorunub saxlanması və inkişaf etdirilməsi olduqca vacibdir. 

"Ölkəmizdə dağılan hər bir ailə, növbəti ailə cinayətlərinə təşnədir. Ona görə də biz ailələrin dağılmaması üçün onun sağlam özüllər üzərində inşa edilməsini arzulayırıq. Əgər cütlüklər qurduqları ailələri qoruyub saxlaya bilmirlərsə, onda sivil şəkildə boşana, hətta boşandıqdan sonra belə normal münasibətlər saxlaya, övladlarını birlikdə böyüdə bilərlər”.

QHT sədri tədbirdə cəmiyyətimizin ən ciddi problemlərindən sayılan ailə münasibətlərinə toxunub. Bildirib ki, əsrlərə köklənən ailə ənənələrimiz, adətlərimiz, müasirlik adı ilə dağılmağa başlayıb. 

Ailələrin dağılmasının müxtəlif problemlərdən qaynaqlandığını qeyd edən Ülkər Abdullayeva onların aradan qaldırılması istiqamətində həyata keçiriləcək layihə barədə məlumat verib: 

"Bizim üstünlük verdiyimiz klassik ailə modeli odur ki, orada ailənin ən böyük üzvündən tutmuş ən kiçiyinədək hər kəs öhdəsinə düşən funksiyaları yerinə yetirsin, ailənin rifahı üçün əlindən gələni etsin, onun üzvlərinə hörmət və qayğı göstərsin, ailənin sevincini və kədərini birgə yaşasın, mövcud qaydalara sadiq qalsın. Çünki sağlam ailə olmadan sağlam cəmiyyət qurmaq çox çətindir. Ailə institutu nə qədər mükəmməl olarsa, orada tərbiyə olunan insanlar nə qədər ali hisslərlə yaşayarsa, təkcə öz rifahı üçün deyil, həm də ailəsinin və cəmiyyətin rifahı üçün çalışarsa, ətrafdakı insanlara sevgi və anlayış göstərərsə, onların formalaşdırdığı cəmiyyət də bir o qədər mükəmməl olar”.

Layihə rəhbəri ailələrin dağılma səbəblərindən tutmuş uşaqlara alimentin ödənilməməsinə, ailədaxili zorakılıqlara qədər ətraflı bəhs edib. O, respublikamızın ikinci ən böyük şəhəri olan Gəncədə debat təşkil etməklə, bu tarixi şəhərin sakinlərinin diqqətini müasir ailələrin problemlərinə yönəltmək istədiklərini bildirib.

Ü.Abdullayeva Gəncənin tarixən ailə dəyərlərinə sadiq bir şəhər olduğunu vurğulamaqla yanaşı, son zamanlar ailədaxili münaqişələrin sayının artmasına, bir sıra ailə cinayətlərinin müşahidə edilməsinə də diqqət çəkib. 

Tədbirdə çıxış edən digər qonaqlar da ailə problemlərinin mövcudluğundan, onların həlli yollarından danışıblar. Gəncədəki 5 saylı orta məktəbin müəllimi Almaz İsayeva çıxışında qeyd edib ki, hazırda ailələrdəki problemin çoxu mobil tətbiqlər, sosial şəbəkələr vasitəsilə əlaqə imkanlarından qaynaqlanır. Onun sözlərinə görə, yeniyetmələr əks cinsin nümayəndələri ilə virtual yazışmalara daha çox vaxt sərf edirlər. Bu isə erkən evliliklərə, ailələrdə xoşagəlməz münaqişələrə və onların dağılmasına gətirib çıxarır. 

İlahə