Xanımların gözü qarşısında qurşağa qədər soyunmaq, sinə vurmaq əlbəttə ki, düzgün deyil
Bundansa İmamın matəminə uyğun bir mərsiyə demək daha yaxşıdır
Bu gün Aşuradır və islam dünyasının bu ən faciəli günü ilə əlaqədar ölkə məscidlərində, ibadət yerlərində matəm mərasimləri təşkil ediləcək. İstər Qafqaz Müsəlmanları İdarəsi, istərsə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hər zaman ölkə müsəlmanlarını Aşura mərasimlərini İmam Hüseyn əleyhissalamın adına, şərəfinə layiq keçirilməsini tövsiyə edir.
Və bu mərasimlər zamanı dinimizin qayda-qanunlarına riayət olunmasına çağırışlar edilir. Bunu da deməliyik ki, son illərdə Azərbaycanda Aşura mərasimləri ilə bağlı artıq örnək alınacaq nümunələr formalaşıb. Bunun biri də Aşura günü könüllü qanvermə aksiyalarının keçirilməsidir.
Aşura günü ilə bağlı "Şərq”ə danışan ilahiyyatçı Hacı Atif İsmayılov həm QMİ, həm də Dövlət Komitəsi tərəfindən verilən tövsiyələrin önəmli olduğunu dedi:
- Verilən tapşırıqlar, tövsiyə və məsləhətlər hamısı yerindədir. Kərbəla hadisəsi təkcə islam dünyası üçün deyil, ümumən bəşər tarixi üçün böyük bir ibrət məktəbidir. Burada haqq-ədalət uğrunda canından keçmək, haqsızlığa qarşı mücadilə edib şəhid olmaqdan tutmuş, ədəb-ərkan, xeyirxahlıq, insansevərlik, insanları zülmdən və zülmkardan xilas etməyə qədər bütün bəşəri dəyərlərin yerinə yetirilmə nümunəsi var, hansı ki, bu gün dünyamız o hisslərə möhtacdır. İmam Hüseyn öz hərəkətləri və şəhadəti ilə insanın nələr edə biləcəyini, insanlıq, haqq-ədalət naminə şəhidliyi seçə biləcəyinin ən yüsək örnəyini nümayiş etdirdi. Bizim vəzifəmiz bu yüksək keyfiyyətləri gənclərə öyrətməkdir. Ən böyük vəzifəmiz maarifləndirmə işi aparmaqdır. Bu gün dünyada islam adı altında insanlara, müsəlmanlara faciələr yaşadılır. Halbuki İmam Hüseyn islama zərbə vuranlara qarşı çıxmışdı və müqəddəs şəhidlik zirvəsinə ucalmaqla da islamı xilas etmişdi. İmam Hüseynin mübarizəsi və Aşura dinə heç vaxt təfriqə gətirməyib. İnsanlar arasına fitnə salmayıb. Aşuranın mahiyyəti düzgün anladılsa, görərik ki, əksinə, Aşura hadisəsi ümumilikdə bəşəriyyətin, insanlığın xilasına yönəlmişdi. Bu gün torpaqlarımız düşmən işğalındadır. İmam Hüseyn məktəbi gənclərə məhz Vətən uğrunda, Vətənin hər bir qarışı uğrunda son damla qanına qədər vuruşmağı öyrədir. Ona görə də biz Azərbaycan müsəlmanları Aşura gününü İmamın şərəf-şanına, daşıdığı müqəddəs missiyaya uyğun qeyd etməliyik.
H.A.İsmayılov Aşura günündə təşkil olunacaq mərasimlərin də qayda-qanun çərçivəsində olmasının vacibliyini vurğuladı:
- O hərəkət ki, insana hörmət və ehtiramı aşağı salır, ona izn verilməməlidir. İctimai yerlərdə soyunmaq, bədənin müəyyən hissəsini çılpaq qoymaq məqbul sayıla bilməz. Qadınlar, qızlar o mərasimlərə toplaşır. Xanımların gözü qarşısında qurşağa qədər soyunmaq, sinə vurmaq əlbəttə ki, düzgün deyil. Bundansa İmamın matəminə uyğun bir mərsiyə demək daha yaxşıdır. Tarixən Azərbaycanda rövzaxanlar olub və İamamın faciəsini, o günün kədərini xatırladan mərsiyələr söyləyiblər. Mərsiyələr də əzədarlığın simvollarından biridir. Bundan başqa İmam Hüseynin fəqirlərin dostu olduğunu nəzərə alıb Aşura günü kasıblara, ehtiyaclı insanlara ehsan vermək, xeyirxah əməl yerinə yetirmək imamın xatirəsinin ən uca məqamda tutulması olardı.
Məlahət Rzayeva