"Qan təzyiqi xəstəliyinin yaşı xeyli cavanlaşıb” - Nə etməli ?






"Azərbaycanda qan təzyiqi probleminin, ümumilikdə ürək-damar xəstəliklərinin yaşı xeyli cavanlaşıb”.

Bu sözləri "Sherg.az”a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. 

O bildirib ki, bu xəstəliklərin artmasının ilkin səbəbi sağlam qidalanma ilə əlaqədardır:

"İkinci səbəb hipodenamiyadır. Bu, qəbul olunan kalori ilə sərf olunan kalori arasında disbalansın yaranması deməkdir. Orqanizmdə xolesterinin çoxalması nəticədə arterial damarların daralması ilə nəticələnə bilər. Ürək-damar xəstəliklərinin yaranması, beyinə qan sızmalar, digər travmatik fəsadlar yarada bilər. Bütün bu problemlər həm də arterial təzyiqin əsasında yaranır.

İnsanlar ürək-damar problemlərindən qorunmaq üçün həyat tərzini dəyişməlidir. Aktiv rejimə keçmək, tənbəlləşməmək, daim hərəkətdə olmaq vacibdir. İdmanla məşğul olmaq, düzgün, sağlam qidalanmaq başlıca şərtdir.

Xatırlatmaq istəyirəm, müharibədən sonra insanlar uzun müddət yaşadılar, aclıq oldu, yemək az idi, ona görə də bədən müvafiq kalorini sərf edirdi və orqanizm normal çalışırdı. İndi insanlar nəfslərinə üstün gələ bilməyib, çox yeyirlər, amma az hərəkət edirlər. Qısa məsafəni də maşın və ya avtobusla qət edirlər. Bax bu da insan ömrünün qısalmasının, xəstəliklərin artmasının əsasında dayanan faktordur”.

Qeyd edək ki, "Baku Medical Plaza"nın Qadın xəstəlikləri və Doğum şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyeva da qan təzyiqi problemindən dünyasını dəyişib. Klinikadan verilən məlumata görə, S.Mirzəyevanın qəfildən təzyiqi qalxıb və beyninə qan sızıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Aysel Aslan