Qanun dəyişir, insanlar dəyişəcəkmi?




İnternet mediada vətəndaşların təhqir olunmasının qarşısını sərt addımlarla almaq mümkündür
İnternet medianı qanun çərçivəsinə salmaq istiqamətində hüquqi prosedurların başladılması
məqsədəuyğun hesab edilir. Qeyd edək ki, bu günlərdə Azərbaycan Respublikasının Baş
prokuroru Zakir Qaralov məhz vətəndaşların mənafeyinin qorunması baxımından Cinayət
Məcəlləsinə 148-1-ci (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya
hesablardan istifadə edərək böhtanatma və ya təhqiretmə) maddəsinin əlavə edilməsi ilə bağlı
Milli Məclisə təkliflər layihəsi təqdim edib. Layihə ətrafında qızğın müzakirələr başlayıb.
Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının sədri Azay Quliyev də bu fikirdədir ki, istər həqiqi, istərsə də saxta profillər
vasitəsilə sosial şəbəkələrdə kimlərisə təhqir etmək yolverilməzdir.
Millət vəkili Trend-ə açıqlamasında Cinayət Məcəlləsinə "İnternet informasiya ehtiyatında saxta
istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtanatma və ya təhqiretmə”
maddəsinin əlavə edilməsinə münasibətini açıqlayarkən bildirib ki, müasir dövrdə
kommunikasiya vasitələrinin inkişafı, xüsusilə ekspertlərin ən yeni media adlandırdığı
"Feysbuk”, "Tvitter”, "Yutub”, "İnstaqram”, "Linkedin” və s. kimi sosial şəbəkələrin geniş
yayılması informasiyanın daha asan və operativ əldə olunması baxımından mühüm əhəmiyyət
kəsb edir:
"Yalnız feysbuk sosial şəbəkəsinin istifadəçilərinin sayı hazırda dünyada 1,8 milyarda,
ölkəmizdə isə 1,5 milyona yaxındır. Azərbaycan beynəlxalq təşkilatların hesabatlarında internet
azadlığına görə ən qabaqcıl yerlərdən birini tutur. Ancaq təəssüflər olsun ki, hazırkı dövrdə
sosial şəbəkələrdən cinayət xarakterli əməllərin törədilməsi məqsədilə də istifadə olunması
halları mövcuddur və belə hallar artmaqdadır. Belə ki, sosial şəbəkələr vasitəsilə müxtəlif
vətəndaşlara, o cümlədən ali dövlət qurumlarında vəzifələr tutan şəxslərə qarşı təhqiramiz və şər￾böhtan xarakterli yazıların yayılması tendensiyasını müşahidə etməkdəyik”.

A.Quliyev əlavə edib ki, istər həqiqi, istərsə də saxta profillər vasitəsilə sosial şəbəkələrdə
kimlərisə təhqir etmək, onların işgüzar nüfuzuna xələl gətirmək, şantaj və böhtan yolu ilə nəyəsə
nail olmağa cəhd etmək yolverilməzdir: "Əgər hüquqi tənzimləmə olmazsa, bu, ağır nəticələrə
gətirib çıxara bilər. Eyni zamanda biz görürük ki, sosial şəbəkələrdə müəyyən dini-ekstremist,
separatçı çağırışlar da edilir”.

Deputat vurğulayıb ki, bu gün bu cür qanuna, əxlaqa və mənəviyyata zidd hallara təkcə sosial
şəbəkələrdə deyil, "reket” mətbuatda da tez-tez rast gəlinir: "Ümumiyyətlə, hesab edirəm ki,
yaradılmış şəraitdən, mətbuat və internet azadlığından sui-istifadə edilməsi qətiyyən
yolverilməzdir və bunun qarşısı hüquqi yollarla alınmalıdır. Bu əməlləri törədənlər bilməli və
əmin olmalıdırlar ki, onların belə qanunsuz hərəkətlərinin ciddi hüquqi nəticələri olacaq. "Reket”
fəaliyyəti ilə məşğul olan "mətbu orqanlar” çox şərəfli tarixə və peşəkar ənənələrə malik
Azərbaycan mediasına böyük ləkədir.Onu da deyə bilərəm ki, belə zərərli tendensiyanın qarşısını almaq məqsədilə bir sıra ölkələrin, o cümlədən Avropa İttifaqına daxil olan dövlətlərin qanunvericiliyində müvafiq dəyişikliklər e dilməsi, yəni cəzanın daha da sərtləşməsi ilə bağlı addımlar atılır. Misal üçün, bu yaxınlarda İtaliya Senatına təqdim olunmuş qanun layihəsi ölkənin ictimai-siyasi dairələrinin nümayəndələrinin şərəf və ləyaqətinin təhqir olunmasına, onlara qarşı şər və böhtan xarakterli yazılara görə jurnalistin 6 ildən 9 ilə qədər həbs cəzasına məhkum olunmasını nəzərdə tutur”.
A.Quliyevin fikrincə, bu cəhətdən Azərbaycan qanunvericiliyində bu cür əməllərin aradan
qaldırılması məqsədi ilə dəyişikliklərin edilməsi, tənzimlənmə mexanizminin işə salınması
vacibdir: "Düşünürəm ki, bu günlərdə Baş prokuror Zakir Qaralovun bu məsələ ilə bağlı Cinayət
Məcəlləsinə 148-1-ci (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya
hesablardan istifadə edərək böhtanatma və ya təhqiretmə) maddəsinin əlavə edilməsi ilə bağlı
Milli Məclisə təkliflər layihəsi təqdim etməsi vətəndaşların mənafeyinə xidmət edir. Qanuna
müvafiq dəyişiklik təklifi qəbul ediləndən sonra sosial şəbəkələrdə saxta profillər yaradaraq
insanları təhqir edən şəxslərin hüquq-mühafizə orqanları tərəfindən aşkara çıxarılması
asanlaşacaq və zaman ötdükcə belə mənfi hallar aradan qalxacaq”.

Qeyd edək ki, məsələ ətrafında fikir bildirənlərin əksəriyyəti qanunların sərtləşməsini vacib
sayırlar. Belə fikirlər səslənir ki, hazırda Azərbaycanda internet televiziyalarının, ümumiyyətlə,
internet media orqanlarının fəaliyyəti lazımi şəkildə tənzimlənmir. Hər hansı bir şəxsin xəbər
saytı və ya veb-portal açması üçün Azərbaycan qanunvericiliyi çərçivəsində heç bir məhdudiyyət
yoxdur. Bu isə internetdə istənilən dezinformasiyaların yayılması, dini-irqi ayrıseçkilik salmaq,
separatçılıq çağırışları etmək kimi qanunvericiliklə qadağan olunan fəaliyyətlərin yayılmasına
geniş yol açır. İnformasiya texnologiyalarının inkişaf etdiyi bir zamanda internet resursları
üzərində hüquqi tənzimləmə mexanizminin yaradılması zəruridir.

Cinayət Məcəlləsinə internet resurslarla bağlı maddənin əlavə edilməsinə münasibət bildirən
"Səs” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev bunun zamanın
nəbzinə uyğun olduğunu qeyd etdi:

- Bu gün Azərbaycanda internet resursları artıq aktual bir informasiya bazasına çevrilib. Sosial
şəbəkələr də demək olar, vətəndaş jurnalistikası termini ilə eyniləşib. Bu baxımdan yeni
qanunların qəbuluna ehtiyac var. Çünki qanunlar gündəlik həyatımızı əhatələyən norma və
davranışları təmin edir. İstər Azərbaycan Konstitusiyasına zaman-zaman edilən dəyişikliklərdə,
istərsə də, müxtəlif qanunlara edilən əlavə və dəyişikliklərin hər birində vətəndaşların hüquq və
azadlıqlarının müdafiəsi, ictimai şəxslərin hüquq və azadlıqlarının qorunması, vətəndaşların
şəxsi həyatının, ləyaqətinin toxunulmazlığı əsas götürülüb. Ona görə də mən hesab edirəm ki,
internet resurslarında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edilməklə şəxslərə
qarşı böhtanatma və ya təhqiretmə ilə bağlı Cinayət Məcəlləsinə əlavənin edilməsi də vacibdir.
Bu, sadəcə insanlarımızı təqibdən, şantajdan sığortalamaq, sosial şəbəkə istifadəçisi bilməlidir
ki, kimisə təhqir etməklə onun toxunulmazlıq hüququnu pozur. Sənin toxunulmazlıq hüququn
olduğu kimi, başqasının da bu hüququ var və heç kim onu tapdalaya bilməz. Hesab edirəm,
Cinayət Məcəlləsinə təklif olunan əlavə zamanın nəbzinə də uyğundur, demokratik dövlətçilik
prinsiplərinə də uyğundur. Bilirsiz, fərqi yoxdur, mətbuatda, ya internet mediada, hər hansı
informasiyanı yayan, ictimailəşdirən şəxs bilməlidir ki, onun arxasında hüquq, qanun dayanır.
Kiminsə hüququnun pozulması qanunla qadağandır.

Media hüququ üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli isə Cinayət Məcəlləsinə əlavənin
edilməsində zərurət görmür. Hüquqşünas bu fikirdədir ki, vətəndaşların hüquq və azadlıqları,
şəxsin şərəf və ləyaqətinin toxunulmazlığı ölkə Konstitusiyasında təsbitini tapıb və istər Cinayət
Məcəlləsində, istərsə də "KİV haqqında” qanunda şərəf və ləyaqətin təhqir olunmasının cinayət
məsuliyyəti nəzərdə tutduğu açıq qeyd edilir:
- Düşünmürəm ki, Cinayət Məcəlləsinə belə bir maddənin əlavə edilməsinə ehtiyac var. Çünki
qanunvericilikdə böhtan və təhqirdən çəkindirən maddələr kifayət qədərdir. Cinayət
Məcəlləsinin 147 və 148-ci maddələri birbaşa böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə
tutan maddələrdir. Qanun onsuz da sərtdir. Və buna görə Azərbaycan beynəlxalq ictimaiyyətdə
tənqidə məruz qalır. Beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanda "Diffamasiya haqqında”qanunun qəbul edilməməsi, informasiya azadlığına yönəlik bəzi maddələrin Cinayət
Məcəlləsindən çıxarılması təklif olunduğu bir vaxtda CM-nə təklif olunan bu yeni əlavələr heç
də müsbət qarşılanmayacaq və Azərbaycanın beynəlxalq imicinə ziyan vuracaq. CM-nə 148.1
maddəsinin əlavə edilməsi Azərbaycanın media azadlığı indeksinin aşağı düşməsinə səbəb ola
bilər. İnternet resursları ilə bağlı "KİV haqqında” qanunda kifayət qədər maddələr mövcuddur.
Qanunun 11-ci maddəsi anonimliyin qorunmasını ehtiva edir. Bu, CM- çıxışlarında
Azərbaycanda internetin azadlığını xüsusi vurğulayır. Məncə, CM-nə bu əlavənin təklif edilməsi
zərərlidir.
Ə.Məmmədli qeyd etdi ki, məlum əlavənin təklifi ölkə daxilində məhz internet resurslarda
böhtanatma və təhqiretmənin qarşısını almağa yönəlibsə, bunu hazırkı mövcud qanunvericiliklə
də icra etmək tamamilə mümkündür. Bunun üçün xüsusi bir maddənin əlavə olunmasına ehtiyac
görmür. Amma, əgər bu maddənin əlavə olunması xaricdə yaşayanlara və anti-Azərbaycan
mövqeli birisini saxta profilə, yaxud sosial şəbəkədə kimisə təhqir etdiyinə görə, cinayət
məsuliyyətinə cəlb etmək üçün gərək həmin ölkənin qanunvericiliyində də bu, cinayət əməli
hesab olunsun. Yalnız bu halda, biz kimisə cinayət məsuliyyətinə cəlb edə bilərik. Amma
hansısa xarici ölkədə internet üzərindən informasiyanın bu və ya digər formada yayılması
cinayət məsuliyyəti üçün əsas vermirsə, onsuz da biz həmin şəxsi qanunun tələblərinə riayətə
çağıra bilməyəcəyik. Cinayət Məcəlləsinə təklif olunan bu əlavə maddə yalnız ölkə daxili üçün
keçərli olacaq.

Məlahət Rzayeva