Qanuna dəyişiklik labüd idi

Əcnəbilərə 10 gün qeydiyyat vaxtı verilməsi problem yaradırdı
İstirahət məqsədi ilə gələn xaricilər ən azı yarım ay qalmaq istəyirlər


Azərbaycana daxil olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı ilə bağlı müddətin dəyişdirilməsi Milli Məclisdə müzakirəyə çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə dəyişiklik edilməsi ilə bağlı layihə təqdim olunub.

Qəbul edilən layihəyə əsasən, artıq Azərbaycanda 10 gündən yox, 15 gündən artıq müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər ölkədə olduqları yer üzrə qeydiyyata alınmalıdırlar.

Miqrasiya üzrə ekspert Azər Allahverənov əvvəllər Azərbaycana daxil olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı ilə bağlı müddətin daha qısa olduğunu deyib: 

"Qanunda qeyd olunmuşdu ki, 3 gündən artıq qalan əcnəbi qeydiyyata düşməlidir. Sonralar turizmin inkişafı, ölkə ərazisinə miqrasiya axınlarının effektiv idarə olunması baxımından həmin müddət 10 günə qədər artırıldı. Yəni 10 gün artıq ölkə ərazisində qalmaq istəyən əcnəbi 10 ərzində yaşadığı ərazidə qeydiyyata düşməlidir”.

Həmin müddətin 15 günə qədər artırılmasını məqsədəuyğun hesab edən ekspert deyib ki, ölkə ərazisinə istirahət məqsədi ilə daxil olan əcnəbilər ən azı yarım ay dincəlmək istəyirlər: "Qanunda 10 gündən artıq qalanların yaşadıqları ərazidə qeydiyyata düşmə məsələsi öz əksini tapdığından bu müəyyən maneələrə səbəb olurdu. 15 gündən artıq qalmaq istəməyən əcnəbilərin qeydiyyata düşməməsi onları əlavə öhdəliklərdən azad etmiş olur. Məqsəd də elə məhz miqrantlara maksimum şərait yaratmaqdan ibarətdir. Bəzən ölkəyə gələn miqrantların eləsi olur ki, 10-cu gün ölkəni tərk etmək istəyəndə müəyyən çətinliklərlə üzləşir. Yeni dəyişiklikdən sonra isə 15 gün rahat qala biləcəklər”.

A.Allahverənov deyib ki, mövcud qanuna əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlmək hüququ müəyyən müddətə məhdudlaşdırılır:

 "Son dəyişiklikdə isə Miqrasiya Məcəlləsində əcnəbilər tərəfindən son üç ildə iki dəfə miqrasiya qanunvericiliyi əleyhinə olan inzibati xəta törədildikdə onların ölkəyə girişlərinə 5 il qadağa qoyulmasını nəzərdə tutan müddəa ləğv olunub, məhdudiyyət aradan qaldırılıb. 

Çünki bu məsələ ilə bağlı çoxsaylı etirazlar vardı, hətta bizim təşkilata da bu formada müraciətlər daxil olurdu. Bu məhdudiyyət xoşagəlməz hallarla yanaşı ciddi mübahisələr də doğururdu. Əgər ölkəyə daxil olan əcnəbi törətdiyi cəzaya görə cəriməsini ödəyibsə, onun həmin ölkədə qalması leqallaşdırılır, yəni ölkədən xaric olunmasına səbəb olan amillər aradan qaldırılır. Amma bəzi hallarda elə inzibati xətalar olur ki, onları bağışlamaq mümkün olmur”.

Şəymən