“Qanuni oğrular” Rusiyanın kriminal aləminə bağlıdır

İlqar Altay hesab edir ki, oğru qanunları ilə hərəkət edən insanlar müstəqil deyillər




"Lotu Quli”nin (Nadir Səlifov) dəstəsində parçalanmalar baş verməkdədir.

İki il öncə onun "xeyir-duası” ilə kriminal aləmdə ad alan Ceyhun Gəncinski (Əsgərov) "Lotu Quli”nin dəstəsindən ayrılaraq rəqib dəstəyə qoşulub.

Öz şefindən ayrılan Ceyhun Gəncinskinin bu yaxınlarda "qanuni oğru”lar Albert Gəncinski, Haci Beyləqanski, Rufo və Rafiq Masallinskinin dəstəsinə qoşulduğu iddia olunur. Hansı ki, Ceyhun Gəncinski 2014-cü ildə Lotu Quli tərəfindən "qanuni oğru” elan edilib. Ceyhun Rafet Amirovla (kriminal aləmdə Rafet Alibayramlinski kimi tanınır) birgə Lotu Quli tərəfindən "qanuni oğru” elan olunublar. Ceyhunun Lotu Quliyə qarşıçıxaraq düşmən tərəfə keçməsi Rafetin qəzəbinə tuş gəlib və o, Ceyhundan qisas almaq qərarına gəlib.

"Primecrime.ru”-nun yazdığına görə, Rafet Ceyhunun izinə düşərək onu cəzalandırmaq niyyətindədir. Hətta, Ceyhunu Rafiq Masallinskinin gününə salmaq niyyətinə düşüb. Yəni onun da qulağının kəsilməsi istisna deyil. Ceyhunun Lotu Quliyə qarşı çıxması və onun dəstəsində parçalanmanın yaranması kriminal aləmdə də ciddi reaksiyaya səbəb olub. Ceyhunun Lotu Qulini tərk etməsinə isə onun dəstəsində yaranmış daxili konfliktlərin səbəb olduğu bildirilir. Daxili çəkişmələrin qurbanı olan Ceyhun nəticədə öz kriminal titulunu itirməli olub. Vəziyyətdən çıxış yolunu isə Ceyhun qarşı tərəfə keçməkdə görüb.

Oğru qanunları ilə hərəkət edən insanların müstəqil olmadığını vurğulayan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altayın sözlərinə görə, bu dünyaya daxil olan hər kəs Rusiyanın kriminal aləminə bağlı olur. 

Rusiyada bir çox sahələrdə idarəetmənin birbaşa kriminal aləmlə bağlı olduğunu vurğulayan ekspertin sözlərinə görə, şimal qonşumuzda kriminal cəmiyyət, "oğru qanunları” çox güclüdür. Ölkədə xeyli insan öz fəaliyyətlərini kriminal çərçivədə və qanun pozuntusu əsasında qurur. Prosesdən kənarda qalmağa çalışan təmiz iş adamları isə istər-istəməz "oğru dünyasına” qarışmalı, ən azından "vor zakon”larla hesablaşmalı olurlar. Ona görə də ictimaiyyətin xeyli hissəsi kriminal aləmlə əlaqə qurmağa və onlar tərəfindən idarə edilməyə məcbur qalır. Bəzi hallarda isə bu iş planlı şəkildə qurulur. 

"Qanuni oğru”ların Rusiyanın kriminal aləmlə bağlılığının sadəcə MDB məkanı ilə məhdudlaşmadığını qeyd edən İlqar Altay hesab edir ki, bu əlaqələr Türkiyəyə, Dubaya qədər uzanır: 

"SSRİ-nin dağılmasına rəğmən Rusiya hələ də kriminal aləmin Vətəni olaraq güclənib, öz sferasını genişləndirib. Azərbaycanlı qanuni oğrular arasındakı münasibətlərin gərginləşməsi, rəqabətin müharibə səviyyəsinə keçməsi də Rusiyadan gələn təsirlər hesabınadır. Elə bir vəziyyət yaranıb ki, biri-biri ilə dost olan "oğru”lar belə bağlı olduqları qruplaşmalar fonunda biri-birinə savaş elan edə bilər, yaxud da əksinə”.

Şəymən