Qar yağdı, ən çətin vəziyyət Yasamal küçələrində yaşandı
Yollar buz bağlasa da, şükürlər olsun ki, yıxılan, zədə alan olmadı
Bakıya qar yağdı. İlk qar paytaxtı özünə təslim etməsə də, qarşıda bizi gözləyən fəsadların siqnalını vermiş oldu. Belə ki, Azərbaycanda dövlət qurumlarının fəaliyyətini qiymətləndirmək üçün havaların bir balaca soyuması və qarın yağması kifayət edir. Əslində burada bizim üçün yeni heç nə yoxdur. Çünki hər dəfə qış öz sərt üzünü göstərəndə, yağıntının miqdarı normadan çox olanda paytaxt Bakının müxtəlif ünvanlarında yaşayan vətəndaşlar biri-birindən fərqli problemlərlə qarşılaşırlar.
Yolların palçığa qərq olması, şaxta səbəbi ilə buz bağlaması nəqliyyatın hərəkətində bəzi
problemlərə yol açır. Evlərə elektrikin verilişində fasilələr yaranması, mavi yanacağın təzyiqində
azalma, su xəttində donma hallarının müşahidə olunması məişət qayğılarının birə-beş artmasına
gətirib çıxarır. Qeyd edək ki, Azərbaycanda şaxtalı hava şəraiti bir neçə gün davam edəcək. Gecə və
səhər yollar buz bağlayacaq.
Bakıda bəzi yollar buz bağlayıb: avtobuslara nəzarət gücləndirilib
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, dünən paytaxtda
müşahidə edilən hava şəraiti ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin
hərəkətində sıxlıq yaranıb, yollar buz bağlayıb. Xüsusən də səhər saatlarında Tbilisi prospekti (hər
iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospekti (Şəhər
istiqamətində), Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Yusif Səfərov küçəsi (Şəhəristiqamətində) sıxlıq müşahidə edilib. Bakı Nəqliyyat Agentliyi sürücülərin diqqətinə çatdırır ki,
yollar buz bağladığı zaman nəqliyyat vasitələrini ehtiyatla idarə etsinlər.
Paytaxtın müəyyən hissələrində avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yarandığını
vurğulayan Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev deyib ki, bu vəziyyət
daha çox paytaxtın nisbətən yüksək ərazilərində Şərifzadə küçəsi və Mətbuat prospektində müşahidə
edilməkdədir. Bu səbəbdən, həmin küçə və prospektlərdə xidmət göstərən sərnişin avtobuslarının
qrafikində gecikmələr yaranır. Bakı Nəqliyyat Agentliyi sərnişin avtobuslarının fəaliyyətində yarana
biləcək çətinliklərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirib və
eyni zamanda paytaxt yollarına və ictimai nəqliyyat şəbəkəsinə nəzarət gücləndirilib.
Hava şəraiti ilə bağlı vahid qərargah yaradıldı
Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra
Hakimiyyətinin Qış Qarajı qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakıda Vahid Qərargah yaradıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin
rəisi, polis polkovniki Vaqif Əsədovun verdiyi məlumata görə, qərargah əməkdaşları və yol
polisləri texnikalar vasitəsilə yolların qar və buzdan təmizlənməsini həyata keçirib: "Səhər
saatlarından yolların təmizlənməsi və buzlaşmanın qarşısının alınması üçün qum və duz səpintisi
işləri görülüb. Buna baxmayaraq, paytaxtın yüksək əraziləri, əsasən də Yasamal rayonu, "20
yanvar” metrosunun ətrafı, Günəşli qəsəbəsi və 3-cü kənar Dairəvi yollarda buzlaşma olub. Həmin
ərazilər və şəhərin enişli-yoxuşlu yolları, sərt döngələr nəzarətə götürülüb. Hava şəraiti artıq bəzi
ərazilərdə sıxlıq yaradıb. Sürücülərdən xahiş edirik ki, hava şəraiti ilə əlaqədar şəxsi
avtomobillərdən az istifadə etsinlər, əsasən ictimai nəqliyyata üstünlük versinlər”.
Havaların soyumasına baxmayaraq dərsə davamiyyətdə ciddi problem olmayıb. Bakı Şəhəri üzrə
Təhsil İdarəsindən verilən məlumata görə, dünən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində
olan məktəblərdə davamiyyətlə bağlı heç bir ciddi problem qeydə alınmayıb.
"Azərişıq” fasiləsiz iş rejiminə keçib
"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin
sözlərinə görə, ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, "Azərişıq”
Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları 24 saat xidmət göstəriblər ki, abonentlərimiz fasiləsiz
olaraq elektrik enerjisi ilə təmin olunsunlar. Tanrıverdi Mustafayev hava şəraiti ilə bağlı hələlik nə
rayonlarda, nə paytaxtda, nə də Bakıətrafı ərazilərdə elektrik enerjisi təminatında ciddi problem
yaranmadığını bildirib: "Bu gün səhər saatlarında cəmi 2 dəfə elektrik enerjisi ilə bağlı fərdi
müraciətlər olub ki, həmin problem də əməkdaşlarımız və texnikalarımız vasitəsilə aradan
qaldırılıb”. Qurum rəsmisi həmçinin qışa ümumi hazırlığın yüksək səviyyədə olduğunu da deyib:
"Maşın mexanizmlərimiz, materiallarımız, avadanlıqlarımız, dağlıq rayonlarda və aran yerlərindəki
işçi qrupumuz hazır vəziyyətdədir. Yay fəsli ərzində dayaqlar dəyişdirilib, qəzalı vəziyyətdə olan
yerlər yenidən bərpa olunub. Bir sözlə desək, qışa hazırlıq üçün xeyli işlər görülüb. Nə qədər hava
kəskinləşsə də, elektrik enerjisinin verilməsində heç bir problem yaşanmayacaq. Yaranarsa da,
vətəndaşlarımız bizim çağrı mərkəzimiz olan 199-a zəng etsinlər və problem operativ şəkildə
aradan qaldırılsın”.
"Azəravtoyol”: "Axşam yollar buz bağlayacaq”
"Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə havanın şaxtalı olmasına
rəğmən Bakı şəhərinin "Azəravtoyol” ASC-nin balansında olan heç bir küçə və prospektində
buzlaşma müşahidə olunmadığını deyib. Onun sözlərinə görə, buzlaşmanın axşam saatlarındanbaşlayaraq yaranması gözlənilir: "Bunun üçün texnika, maşın-mexanizmlərimiz hazır vəziyyətdədir.
Hazırda 20 Yanvar dairəsində, dairəyə gələn yollarda, Bakı-Sumqayıt yolunda tıxac müşahidə
olunur. Tıxacın yaranmasına səbəb sürücülərimizin hazırlıqsız olması, sovet istehsalı maşınlarla
yola çıxmaları və ən əsası avtonəqliyyat vasitəsinin yay şinləri ilə idarə edilməsidir. Nəticədə
avtomobillər sürüşür, hərəkətində çətinliklər yaranır. Bu da təbii olaraq tıxaca səbəb olur. Qış
şinləri ilə ədarə olunan avtomobillərin hərəkətində hər hansı problem yoxdur”. A.Nəcəfli deyib ki,
yollar buz bağlasa belə, qurum tərəfindən lazımi tədbirlər görüləcək: "Yollar buzlaşdıqda, qarla
örtüldükdə, bizim texnikalarımız yollara duz-qum qarışı səpməyə, yolların qardan təmizlənməsinə
başlayacaqlar. Bunun üçün bütün texnikalar hazır vəziyyətdədir”.
"Azəravtoyol” rəsmisi xüsusi olaraq aidiyyəti qurumların qışa hazır olduğunu diqqətə çatdırıb:
"Sürücülərimiz də hazır olsalar, yaxşı olar, yollarda vəziyyət normal olar”.
"Hava şəraitinin kəskin soyuması, yolların buz bağlaması ilə əlaqədar yıxılan, travma alan
olmayıb”. Bu barədə Bakı Şəhəri Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev
məlumat verib. O qeyd edib ki, müraciətlər gündəlik norma daxilindədir: "Dünən stansiyaya 1975
müraciət olub. Onlar da adi günlərdə olan çağırışlardır”.
Şəymən