Qarabağın ətrafında pozitiv ruzigarlar əsir

Cocuq Mərcanlıda keçirilən görüş Rusiyanın ictimai rəyində həqiqətə doğru kəskin dönüşün olduğunu göstərir




Cocuq Mərcanlıda konfrans keçirən rusiyalı siyasi xadimlərin cəbhə xəttində Lələtəpə strateji hündürlüyünü ziyarət etməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bəziləri bu səfəri Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın yeni baş naziri Nikol Paşinyana mesajı kimi qiymətləndiriblər. Lələtəpə strateji yüksəkliyinə səfər edən deputat qrupu arasında Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqinin olması xüsusi diqqətçəkən məqamlardandır.

Rusiya və Ermənistan mediası da deputatların işğaldan azad olunan ərazilərə səfər etməsini geniş müzakirə edib. Erməni şərhçi Razmik Akopdjanyan Ermənistan hakimiyyətini məyus edəcək fikirlərlə çıxış edib. O bildirib ki, Azərbaycan Rusiya üçün önəmli bir dövlətdir və rəsmi Moskva artıq Qarabağla bağlı yeni plan hazırladığını gizlətmir: "Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir. Gürcüstan və Ukrayna ilə dostluq edir, GUAM-da təmsil olunur. Kreml isə bütün bunlara rəğmən, Bakının əlini sıxır və onu dəstəkləyir. Görünür, Rusiyada Ermənistana böyük dərs verməyə qərar veriblər”. Siyasi şərhçilərə görə, baş verənlər Azərbaycanın Qarabağı azad etməyə addım-addım yaxınlaşdığının bariz nümunəsidir.

 Dövlətimizin uğurlu siyasəti, iştirak etdiyimiz beynəlxalq layihələr və sahib olduğumuz təbii sərvətlər bizi böyük qələbəyə yaxınlaşdırır. Rusiya məlum konfransı Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə keçirməklə Ermənistana çox ciddi mesajlar verdi. Rusiya-Ermənistan birliyinin çat verdiyi artıq hiss olunmaqdadır. İki ölkə arasında münasibətlər günü-gündən pisləşir. Hamıya bəllidir ki, Rusiyanın dəstəyi olmasaydı, torpaqlarımız heç vaxt işğal olunmazdı. Bu günə qədər münaqişənin həll olunmaması da məhz Rusiya amilinə görədir. İndi Ermənistan-Rusiya münasibətlərində belə çatların yaranması, ciddi narazılıqların baş qaldırması bizim üçün müsbət haldır. Proseslər bu istiqamətdə inkişaf edərsə, Rusiya hansısa mərhələdə Ermənistan hakimiyyətini öz dəstəyindən məhrum edə bilər. Belə olan halda isə Azərbaycan öz torpaqlarını işğaldan azad edər. Azərbaycan Ordusunun üstünlüyü göz qabağındadır.

Konfransla bağlı fikirlərini bəyan edən politoloq Qabil Hüseynli bildirib ki, Cocuq Mərcanlıda keçirilən görüş Rusiyanın ictimai rəyində həqiqətə doğru kəskin dönüşün olduğunu göstərir. Ekspertin sözlərinə görə, Aleksandr Duqinin "Cənubi Qafqazda Azərbaycan Rusiyanın bir nömrəli müttəfiqidir” deməsinin özündə rəsmi Bakı üçün böyük şans var: 

"Məşhur jurnalist Maksim Şevçenkova Dağlıq Qarabağ və işğal olunmuş 7 rayon dərhal Azərbaycana qaytarılmalıdır dedi. Həmçinin digər deputatlar da Azərbaycan torpaqlarının qəti surətdə geriyə qaytarılmasını tələb etdilər. Bu onu göstərir ki, Rusiyanın Qarabağla siyasətində dəyişikliklər gözləməyə dəyər. Lakin Qarabağ münaqişəsi ilə bağlı gələcəkdə baş verə biləcək irəliləyişin olacağını Azərbaycan Prezidentinin avqustun 30-da Moskvaya rəsmi səfərindən sonra görə biləcəyik. Həmin vaxt Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Görüş zamanı sənədlər də imzalana bilər. İndidən, hər halda pozitiv dəyişikliklərin şahidi olmaqdayıq”. Q.Hüseynli Rusiyanın Azərbaycan vasitəsi ilə Ermənistana mesaj göndərdiyini deyib: "Bu məsələdə Rusiya özü də Azərbaycana bir növ pas ötürməklə Ermənistana xəbərdarlıq etmək istəyir. Rusiya istəyir ki, Ermənistan siyasətində dəyişiklik etsin”.

 Politoloq bildirib ki, Rusiya Azərbaycanla münasibətləri tərəfdaşlıqdan müttəfiqliyə qədər qaldırmaq istədiyini iddia edir. 

"Bu, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olması deməkdir. Amma Azərbaycanın birdən-birə Rusiya ilə bu təşkilatlarda əməkdaşlıq etməsi tez başlayan proses deyil. Ərazi bütövlüyü təmin olunduqdan sonra Azərbaycan Rusiya ilə münasibətlərini daha yüksək strateji formada inkişaf etdirə bilər”. Politoloq rusiyalı deputatların işğaldan azad olunan ərazilərə səfər etdiyi bir vaxtda Azərbaycanın müharibəyə hazırlığından da danışıb. 

O bildirib ki, Azərbaycan müharibəyə tam hazırdır: 

"Ermənistanın baş naziri Nikol Paşinyan və onun hökumətinin tutduğu mövqe danışıqları sabotaj etməkdən, danışıqlar prosesinə əlavə şərtlər irəli sürməkdən ibarətdir. Hətta, Paşinyanın əməllərinə ATƏT-in Minsk Qrupu da heç nə edə bilmədi. Belə olan şəraitdə, sülh danışıqları yoxdursa, onun alternativi müharibədir. Azərbaycanın parad və hərbi təlimlər keçirməsi, müharibəyə tam hazır olduğumuzun bariz nümunəsidir. Müharibənin başlanmasına beynəlxalq amillər və Rusiyanın siyasi manevrləri təsir edə bilər. Hələ ki, Qarabağ ətrafında bu pozitiv rüzgarlar əsir. Amma biz bunun müqavilələr üzərində öz təcəssümünü tapmasını gözləyirik”.

İsmayıl