Qərar alqışlandı:"Şərqdə ilk müstəqil dövlət qurduğumuzu sübut edəcəyik !"





Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Dövlət başçısı il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

Ölkə başçısının qərarını yüksək dəyərləndirən tarix elmləri üzrə fəlsəfə doktoru, "M.Ə.Rəsulzadə Ensiklopediyası"nın müəllifi Nəsiman Yaqublu "Sherg.az"a söyləyib ki, Cümhuriyyət tarixi ilə bağlı görülən hər iş təqdirəlayiq qiymətləndirilməlidir:

"Bu ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi çox cəhətdən faydalıdır. Tək ona görə yox ki, 1918-ci ildə azadlıq əldə edib, cümhuriyyətimizi qurmuşuq. Həmçinin, biz bütün dünyaya Şərqdə, müsəlman dünyasında demokratik prinsiplərə əsaslanan ilk müstəqil dövləti qurduğumuzu sübut edəcəyik. Yəni, xalqımızın düşüncə tərzi, şüur səviyyəsi hələ 20-ci illərin əvvəllərində demokratik dövləti qurmağa verir. Xüsusilə, bu gün - yanvarın 11-i AXC-nin dünya dövlətlərinin əksəriyyəti tərəfindən tanınması ilə əlamətdardır. Ölkə başçısının xüsusilə bu gün belə qərar verməsi əhəmiyyətlidir. Sübut edə bilərik ki, 1920-ci il yanvarın 11-də AXC-i 23-ə yaxın dünya dövləti tanıdı. Müstəqilliyi tanınan AXC-nin ərazisinə Dağlıq Qarabağ və Zəngəzur da daxil idi. O baxımdan, bu sənədi bütün dünyaya göstərməliyik ki, 1920-ci ildə müstəqilliyini tanıdığınız Azərbaycan Cümhuriyyətinin ayrılmaz hissəsi olan Qarabağı ermənilər işğal edib. Cümhuriyyətin təbliğ edilməsinin bu cəhətdən önəmi böyükdür”.

N.Yaqublu diqqətə çatdırıb ki, Cümhuriyyət nümayəndələrinin irsinin öyrənilməsi, fəaliyyətinin dəyərləndirilməsi üçün çox işlər görməliyik:

"Onların kitablarının nəşri, gördüyü işlərin dərc edilməsi üçün tədbirlər gücləndirilməlidir. Ölkə başçısı bu məsələyə kifayət qədər yüksək diqqət göstərir. Ona görə, media, televiziyalar qeyri-ciddi yazıları və verilişləri bir müddət kənara qoyub, Cümhuriyyətin təbliği ilə məşğul olmalıdır.

Cümhuriyyət qurucularının məzarları Azərbaycana gətirilməlidir. Onların yaşadığı evlərdə heç olmasa, xatirə lövhəsi yerləşdirilməlidir ki, insanlar bu barədə məlumatlı olsun. Bundan başqa, onların ailə üzvlərini axtarıb, tapmaq, sənədləri toplamaq lazımdır. Cümhuriyyət qurucularına aid vacib sənədlər çox pis vəziyyətdədir və səpələnib.

Təxminən 6-7 ay əvvəl ölkə başçısına bu fikirləri əhatə edən 12 maddəlik rəsmi təkliflər sənədi göndərdim. Bir daha bunları səsləndirirəm ki, zaman qısadır, 3-4 ay sonra artıq ciddi işlər ortaya qoymalı olacağıq”.

Bu il Ermənistan, Gürcüstan və digər postsovet ölkələrinin də öz müstəqilliyinin 100 illiyini qeyd edəcəyini vurğulayan N.Yaqublu Qafqazda demokratik dövlət quruculuğu yarışının aparılacağını söyləyib:

"Biz bu yarışda biz uduzmamalıyıq, qalib gəlmək imkanlarımız yüksəkdir. Sistemli şəkildə fəaliyyət göstərməliyik. Nəhayət, bu işi həqiqətən dərindən araşdıran, əsaslı-köklü bilən şəxslər cəlb edilməlidir. Onlardan ibarət komissiya yaradılmalı, prezident komissiyanın sədrliyini həyata keçirməlidir. Kor-koranə əl çalan insanların prosesə qoşulması bir nəticə verməyəcək”.


Aysel Aslan