“Qərb üzdə bir söz deyir, əməldə isə başqa iş görür”





Ötən gün Rumıniya Ticarət-Sənaye Palatasının üzvü Afanasi Tyudor Milli Məclisdə keçirilən "Azərbaycan Avropa məkanında” adlı konfransda Qarabağ problemini "qarışıq məsələ” adlandırıb.

Tyudor deyib ki, Azərbaycan Qarabağı azad edərsə, "işğalçı” dövlət olacaq. Rumın deputatın sözləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Münasibət bildirənlər deputatın ifadələrini təxribat kimi dəyərləndiriblər.

Məsələni "Sherg.az” dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Milli Məclisin üzvləri Rumıniya deputatının çıxışını dayandırmalı və yerindəcə onun cavabını verməli idilər:

"Harada görünüb ki, bir dövlətin öz ərazisində separatizmə qarşı mübarizəsi separatçılıq sayılsın. Ümumiyyətlə, rumın deputatı "persona non qrata” elan eləmək lazımdır. Qərb dövlətləri bizə ikiüzlü yanaşırlar. Hazırda Qarabağ məsələsində Rusiyanın mövqeyi bir qədər güclənib.

Qərb ölkələri buna mane olmaq üçün region dövlətləri ilə ikili oyun oynayırlar. Milli maraqlarımızı başqa maraqlardan üstün tutduğumuz və müəyyən dairələrə boyun əymədiyimiz üçün bizə qarşı həmişə ikili standart olacaq.

Reallıq odur ki, Qərb üzdə bir söz deyir, əməldə isə başqa iş görür. Üzümüzə xoş söz deyirlər, arxada tamam başqa planlar hazırlayırlar. Bizə qarşı qərəzli münasibətin səbəbi Azərbaycan xalqının türk və müsəlman olmasıdır. Ermənilər isə xristian dininə mənsubdurlar.

Qərb dövlətlərinin xristianlığı dəstəkləmədiklərini iddia etmələri tamamilə uydurmadır. Hamısı birmənalı şəkildə xristian erməniləri himayə edirlər. Hər işlərinin arxasında öz mənafeləri dayanır”.

Professorun sözlərinə görə, əgər indiki məqamda Azərbaycan Qarabağ məsələsində hansısa addım atsa, birbaşa ittihamlarla üz-üzə qalacaq:

"Ona görə də çox ölçülü-biçili hərəkət etməliyik. Nə qədər ki, ATƏT-in həmsədrləri olan iki böyük dövlətin – ABŞ və Rusiyanın maraqları toqquşur, Qarabağ münaqişəsinin həlli mümkünsüzdür. Bütün hallarda ehtiyatlı davranmalıyıq”.

İsmayıl