Qərblə Rusiyanın "diplomat oyun"undan soyuq müharibənin “qoxusu gəlir” - Aktual Şərh






"Qərb və Rusiya arasında yaşanan hazırkı durum bütün dünya tarixində yaşanmamış haldır”.

Bunu "Sherg.az”a Amerika və İngiltərənin rusiyalı diplomatları ölkədən çıxarmasından sonra Rusiyada İngiltərə bayrağının endirilməsindən danışarkən politoloq Tofiq Abbasov deyib. 

O vurğulayıb ki, yaranmış vəziyyətdən soyuq müharibənin "qoxusu gəlir”:

"Bu proseslər düşünülməmiş addımlara yol verir. Hələlik Rusiya daha adekvat addımlar atır. Lakin mövqeyini daha da sərtləşdirə bilər. Ola bilər Rusiya daha sərt addımlar atsın, ölkədən göndərilən Amerika diplomatlarının sayını artırsın.

Xarici siyasətində ehtiyatla hərəkət edən dövlətlər bu prosesə qoşulmadılar. Onların içərisində Avropa ölkələri, Rusiyanın tərəfdarları və s. var. Ümumilikdə isə soyuq müharibənin meydana gəlməsi dünyada böyük narahatlıq doğurur. Gərginlik davam edərsə, özünü iqtisadi əlaqələrdə, sanksiyaların genişlənməsində göstərəcək”.

Politoloqun fikrincə, qərb ölkələri birgə araşdırma, dialoq aparmaqdan yayınırlarsa, deməli, məqsədlər əvvəldən müəyyən edilib:

"Rusiyanı sıxışdırmağa, təzyiq göstərməyə yönəlmiş addımlar göz qabağındadır. Bu proses çox müəmmalı və yaxşı heç nə vəd etməyən məsələdir”.

Qeyd edək ki, ABŞ - Rusiya münasibətləri hər keçən gün gərginləşir. İngiltərədə zəhərlənən agent Skripal və qızının səbəb olduğu böhrandan sonra gözlənilən addım atıldı və ABŞ-ın St. Peterburq Baş konsolluğu binasındakı Amerika bayrağı söküldü.

"Arzuolunmaz şəxs” elan edilən rus diplomatlar və ailələri də ölkələrinə dönür. Bundan başqa Rusiya da öz növbəsində bir neçə amerikan diplomatı deportasiya etdi. Eyni zamanda Böyük Britaniya da rusiyalı diplomatları ölkəsindən deportasiya etməyi düşünür.

Aysel Aslan