"Azərbaycanda əldə olunan iqtisadi inkişafın əsas səbəblərindən biri regionların inkişafı ilə bağlı arıdıcıl dövlət proqramlarının həyata keçirilməsidir”
Bunu "Sherg.az”a açıqlamasında "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
İqtisadçı bəyan edib ki, qeyri-neft sektoruna dövlət qayğısı öz bəhrəsini ən çətin anlarda verib. Bir neçə il qabaq iqtisadi böhran zamanı, neftin qiyməti kəskin ucuzlaşanda ölkəmizin gəlirlərini qeyri-neft sektoru kompensasiya edib:

"Ölkə infrastrukturu böyük həcmdə yenilənib, inkişaf etdirilib. Son 15 ildə ölkənin avtomobil yolları sistemi xeyli genişləndirilib, yenilənib, minlərlə kilometr yeni yol salınıb. Dəmiryolu xətlərindən də yeniləmə işləri aparılıb, yexi xətlər çəkilib. Kommunal xidmətlərdə davamlı təminat yaradılıb. İçməli su problemi əsasən həll olunub.
Qaz istehsalı və təminatında ciddi nailiyyətlər əldə olunub. Əhalinin 95 faizinin qazla təmin edilməsi ilə yanaşı, qaz ixracı da artırılıb. Energetika sahəsində də neftdən kənar sahələr inkişaf etdirilib. Respublikada onlarla kiçik SES-lər, külək və günəş enerjisi stansiyaları istifadəyə verilib. Nəticədə 90-larda xaricdən alınan enerji ilə yaşayan ölkə indi özünü elektriklə təmin edir, xaricə də satır”.
İqtisadçının sözlərinə görə, qeyri-neft sektorunun tərəqqisində inkişaf etdirilmiş infrastrukturun da böyük rolu var:
"Bu işlər davam etdirilir və getdikcə qeyri-neft sektorunda daha böyük nailiyyətlər əldə edilir. Artım tempi hər il yüksəlir. Bəzi sahələrdə müəyyən problemlər var ki, onların da yaxın illərdə tam həll olunacağına şübhə etmirəm”.
İsmayıl