Qış gəlir, dəm qazı can alacaq

“Hər qış mövsümündə onlarla insanın ölümünə səbəb olan dəm qazı problemindən danışan yoxdur”
“Satışa çıxarılan sobaları “Azəriqaz” qəbul edib yoxlamalıdır”


Payızdır. Qış da qapımızı döyəcək az sonra. Uzun illərdir ki, payız-qış aylarının kabusu dəm qazıdır. Dəm qazı neçə-neçə can alıb son illərdə. Amma problem yenə də qalmaqdadı.
Səbəb çox, çarə edən yox...
Dəm qazından boğulma hallarını daha çox İran sobaları ilə əlaqələndirirdilər. Ancaq sonradan məlum oldu ki, dəm qazından ölüm hallarında İran sobaları səbəblərdən yalnız biri və ən az tutarsızıdır. Çünki bu sobalar Azərbaycana normal halda, istehsal edildiyi şəkildə gəlir. Nə baş verirsə, bundan sonrası ilə bağlıdır.

Mənzillərə verilən təbii qazın təzyiqi bu sobaların iş rejimi ilə tərs-mütənasib olduğundan vətəndaşlar sobalara müdaxilə edir, hansısa hissəsini çıxarır, dəyişir, bəzən heç düzgün də quraşdırmırlar. Halbuki bu sobalar təzyiq azaldıqda və ya qazın verilişi dayandıqda avtomatik sönmə xüsusiyyətinə malikdirlər. Sobaların xüsusi "vintil”i var ki, qaz kəsilirsə, "vintil” də atır. Sobanın işi dayanır. İstehlakçı bu sobaları belə imkana malik şəkildə istehsal edib. Amma bizim camaat, bu sobalara, türkün məsəli "barmaq edir”, sobaların da iş prinsipi pozulur.

Digər səbəblərsə tüstü bacalarının vaxtında təmizlənməməsi, qaz borularının, qaz cihazlarının standartlara uyğun quraşdırılmaması, mənzillərin havadəyişmə sisteminin işləməməsi, hamam otaqlarının düzgün tərtibatda olmamasıdır.

Qeyd etməliyik ki, Fövqəladə Hallar Nazirliyi də, ARDNŞ-də mavi yanacaqla ehtiyatla davranılmasına dair mütəmadi məlumatlandırma, maarifləndirmə kampaniyaları keçirir, bunun bir təsdiqi də telekanallarda qazla ehtiyatlı olmağa dair yayımlanan sosial çarxlardır.

Sosial çarxlar vasitəsilə vətəndaşlara mavi yanacaqla davranış qaydaları, təhlükəsizliyə riayət etməyin üsulları göstərilir. Hamam otağının düzgün tərtibatı, mənzildə sobanın düzgün quraşdırılması qaydaları da həmçinin. Amma gedib mənzillərə baxsaq, "n” qədər qayda pozuntusu aşkarlanar. Dəm qazından boğulma halları daha çox gecə saatlarında, ya da hamam otaqlarında baş verir. Gecə yatarkən vətəndaşlar nəfəsliyi azacıq da olsa aralı saxlasalar, dəm qazı mənzildə yığılıb qalmaz. Amma məsələ burasındadır ki, otaqlarda bəzən nəfəslik ümumiyyətlə olmur. Bu da mənzillərin ənənəvi qaydada rekonstruksiya edilməsi - dəyişikliyə məruz qaması ilə bağlıdır. Sakinlər otaqların yerini dəyişdiklərindən havaçəkən dəlikləri də bəzən qapatmış olurlar ki, bu da mənzildə hava dəyişməsinin qarşısını alır. Götürək hamam otaqlarını. FHN hamam otaqlarının ölçüsü, ölçüyə uyğun olaraq qaz sobası, istilik sistemi ilə təminatının düzgün qaydasını bildirir. Ancaq minlərlə mənzil var ki, hamam otağı ilə qızdırıcı qurğunun ölçüləri biri-birinə uyğun gəlmir. Kiçik hamam otağına iri ölçüdə suqızdırıcı cihazlar qoyulur. Hamam otağında havanın sirkulyasiya etməsi üçün nəfəslik və ya dəliklər olmur. Qapıları sıx örtülmüş vəziyyətdə və heç bir hava axınının daxil olmadığı hamamda insanın qazdan zəhərlənməsi və ya istidən halının qarışması təbii hadisə sayılmalıdır. Və burada artıq vətəndaşların səhlənkarlığı, təhlükəni nəzərə almamaları özünü göstərir.

Bütün bu səbəblərə əlbəttə, vətəndaşların maddi imkansızlığı da əlavə edilməlidir. Hamam otaqlarının və oradakı qızdırıcıların düzgün quraşdırılmamasından danışırıq, amma kiçik hamam otaqlarının da, kustar üsulla hazırlanmış qızdırıcıların orada quraşdırılmasının da maddi imkansızlıqdan irəli gəldiyini unutmamalıyıq. Həmçinin, bəzi mənzillərdə dəhlizlərin yataq otağına çevrilməsi, mətbəxin eyvana "transferi” kimi hallar məhz imkansızlıqdan, daha çox yaşayış sahəsi əldə etmək zərurətindən irəli gəlir. Oğlunu evləndirəcək deyə, otaqların ölçüsünü kiçildib əlavə bir otaq da "əldə edən” ailələr məgər azdır? Eləcə də, hər kəsin mənzilində təhlükəsiz kombi sistemi quraşdırmaq imkanı da yoxdur axı. Əlac qalır, kustar üsullu "samovar”lara, ən təhlükəli qızdırıcı sayılan "pyatiminutka”lara. Hələ illərdir, qızdırılmayan sovet binalarını demirik. İstilik sistemi çalışmadığından sakinlər məcburdur, mənzildə elektrik qızdırıcısı yandırsın, ya da borusu pəncərədən çölə çıxarılan, bəzən də divarı dəlib keçən (bunun təhlükəli olduğunu FHN israrla bildirir - red.) qaz sobası quraşdırsın. Belə binalarda təbii qaydada, tüstü bacaları nəzərdə tutulmadığından sakinlər kustar üsullara əl atmalı olur.
Səbəblər çoxdur, hamısı da əsaslı.

Evə mütləq usta çağırın!

Belə bir xəbərdarlıqla uzun illər qaz istismarı sahəsində çalışmış, Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov çıxış etdi. N.Qasımov "Şərq”ə açıqlamasında dəm qazı probleminin hazırda bir nömrəli məsələ olduğunu, lakin buna çox az diqqət ayrıldığını bildirdi:

- Telekanallarda səhərdən-axşamadək şou göstərirlər. Bu, onu söyür, o bunu. Əhalini bu dərəcədə narahat edən, hər qış mövsümündə onlarla insanın ölümünə səbəb olan dəm qazı problemindən isə danışan, bu məsələni geniş müzakirəyə çıxarıb səbəblər, onları aradan qaldıracaq yollar barədə isə danışan yoxdur. Əhali hər dəfə əsaslı şəkildə məlumatlandırılmalıdır, güclü maarifləndirmə işləri aparılmalıdır ki, insanlar təbii qazla necə rəftar etməli olduqlarını bilsinlər. Çünki günahın çoxu adamların özündə olur. Atalar məsəlidi, deyirlər, özünü qoruyanı Allah da qoruyar. Bizim camaatda, etinasızlıq, laqeydlik, məsuliyyətsizlik var. Evinə qaz sobası alır, deyir, özüm ustadan yaxşı bilirəm, başlayır sobanı özü bildiyi kimi quraşdırmağa, səhv quraşdırır, çoxu rezin, ya da plastik borulardan istifadə edir. Halbuki qaz boruları mütləq poladdan olmalıdır. Özləri bildiyi kimi, kefləri istəyən şəkildə mənzildə boruların yerini dəyişdirirlər, havatəmizləyici sistemi - ventilyasiya sistemini sıradan çıxarırlar. Bəzisi, mənzili qızdırmaq üçün dördgöz sobanın üzərinə kərpic, ütü qoyur. Bu, qətiyyən olmaz. Belədə mənzildə zəhərli qaz əmələ gəlir. Kiçik ölçülü hamam otağına böyük ölçüdə qızdırıcı qoyurlar. İran sobaları normal sobalardır. Problem bundadır ki, "Azəriqaz” əhaliyə təbii qazı ən yaxşı halda 50-60 mm susütunu təzyiqi ilə verir. Amma əslində, 130 mm olmalıdır. Mənzillərdə qaz sobalarının məşələnin hündürlüyü 5-8 sm. olmalıdır. Evdə qazı yandırın, baxın görün, məşəl bu hündürlüyə qalxırmı? İran sobaları isə 178 mm susütunu təzyiqə hesablanıb. Bizdə qazın təzyiqi aşağı olduğundan sobanın iş rejimi pozulur və qaz düzgün yanmır. Dəm qazı da buradan əmələ gəlir. Proses pozulduğundan karbon 4 oksid, karbon 2 oksidə çevrilir. Bu da zəhərli qazdır. Bu qaz 7 dəqiqə içində insanın həyatına son qoya bilər.

Mənzillərə siqnalizasiya cihazı qoyulmalıdır Bəs mütəxəssis çıxış yolunu nədə görür?

N.Qasımov qeyd etdi ki, əvvəllər mənzillərdəki qaz sobaları, qaz boruları ayda bir dəfə yoxlanırdı. İndi isə 6 aydan bir yoxlanır:

- Bu işə ciddi nəzarət edəcək bir qurum olmalıdır. Hazırda belə qurum yoxdur. Tüstü bacaları bəlkə də 30 ildir təmizlənmir. Bu işə mənzil-kommunal təsərrüfatı idarəsi baxmalıdır. Amma tüstü bacalarına heç kim sahib çıxmır. Bir-birinin üzərinə atırlar. Satışa çıxarılan sobaları da "Azəriqaz” qəbul edib yoxlamalıdır, istifadəyə yararlı olduğuna dair icazə verməlidir. Mənzillərə təbii qazın çəkilməsi, sobaların quraşdırılması qaz təsərrüfatı idarələrinin nəzarəti altında icra edilməlidir. Yeraltı kəmərlərin qəzalı olduğunu bəhanə gətirib təbii qazı normasında vermirlər. Bunlar hamısı bəhanələrdir. Harada qəzalı boru varsa, onu xüsusi cihazlar vasitəsilə təsbit etmək mümkündür. Həm də artıq neçə ildir ki, ölkə üzrə yeni qaz xətləri çəkilir. Nə oldu, çəkilən kimi qəzalı vəziyyətə düşdülər?! "Azəriqaz” bunu edə bilər ki, hər mövsüm öncəsi əhalidən istifadədə olan qaz sobalarının yararlılığına dair arayış tələb etsin. Onda azı 1 milyon cihaz qapanmalı olacaq. Bütün evlərə siqnalizasiya aparatı qoyulmalıdır. Baha da deyil. 15 dollara satırlar. Ona görə əhalini qınayıram ki, 120 minlik "Mersedes” alır, amma 15 dollar verib siqnalizasiya cihazı almır ki, gecə rahat yatsın. Bu cihazlar mənzildə təbii qazın tərkibində dəyişiklik baş verdikdə səs verir, təhlükədən xəbərdar edir. Əhali diqqətli olmalıdır və təhlükəsizlik qaydalarını pozmamalıdır. Hamam otağının qapısında mütləq hava dəlikləri açılmalıdır. Mənzillərdə ventilyasiya sistemi qurulmalıdır. Evin havası tez-tez dəyişdirilməlidir, mənzilə təmiz hava axını təmin edilməlidir. Ən əsası isə dəm qazından ölüm halları ilə bağlı cinayət işi açılmalıdır. Hər bir ölüm hadisəsi araşdırılmalıdır. Neçə ildir bizim əhalini qıran iki kabusdan biri dəm qazı təhlükəsidir. Amma bunun qarşısı alınmır.

Hamam otağında dəlikləri bağlamayın

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi payız-qış mövsümündə dəm qazı təhlükəsi ilə bağlı vətəndaşlara hər dəfə xəbərdarlıq edir. FHN-in mətbuat xidmətindən verilən məlumata görə, dəm qazı təhlükəsi ilə bağlı görülən maarifləndirmə işləri bəhrəsini versə də, yenə də təhlükəsizlik qaydalarına biganə yanaşanlar var. Dəm qazının yaranmasının əsas səbəbləri nasaz və standartlara uyğun olmayan qaz cihazları, işlək vəziyyətdə olmayan ventilyasiya sistemi və tüstü bacalarıdır. Odur ki, vətəndaşların mənzildə istifadə etdiyi qaz cihazları dövlət standartları və təhlükəsizlik tələblərinə cavab verməli, mütləq uyğunluq sertifikatı olmalıdır. Qaz cihazı istifadə olunan otağın, mətbəxin və ya hamamın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır. Qaz cihazından istifadə edilən qapalı yerdə mütləq şəkildə havaçəkən sistem işləməli, nəfəslik açıq saxlanılmalıdır.

Hamamda ventilyasiya borusu, qapının aşağı hissəsində dəliklər olmalı, hamamı isti saxlamaq üçün bunları bağlamaq olmaz. Tüstü bacaları, ən azı, ildə iki dəfə təmizlənməli, bu məqsədlə, mənzil kommunal istismar sahələrinə və ya bacaların təmizlənməsi ilə məşğul olan xüsusi lisenziyalı özəl şirkətlərə müraciət edilməlidir. Nazirlik bir daha vətəndaşlara xatırladır ki, dəm qazı iysizdir, hiss edilmir. Amma bundan zəhərlənmənin əlamətlərini hiss etmək olur: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq. Dəm qazından zəhərlənmiş insan dərhal təmiz havaya çıxardılmalı, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad edilməli, təcili tibbi yardım çağırılmalıdır. Vətəndaşlardan təhlükə zamanı 112 nömrəsinə təcili zəng etmələri xahiş olunur.

Məlahət Rzayeva