Qlazev özlərini ifşa etdi: "Məlum olur ki, münaqişəni Rusiya törədib"

Asim Mollazadə: "Avrasiya İttifaqı kimi heç bir əhəmiyyəti olmayan birliyə üzv olmaq münaqişəni həll etməyəcək. Sadəcə, Azərbaycanın müstəqilliyini əlindən almaq istəyirlər"
"Sergey Qlazevin Azərbaycan haqqında söylədiyi fikirlər açıq şantajdır”.
Bunu "Sherg.az”a Rusiya prezidentinin avrasiya inteqrasiya məsələləri üzrə müşaviri Sergey Qlazevin "Qarabağ münaqişəsinin həlli Azərbaycanın Avrasiya İttifaqına üzvlüyündən asılıdır” fikrinə münasibət bildirərkən millət vəkili Asim Mollazadə deyib. 
O bildirib ki, müşavir bu sözlərlə Azərbaycana təzyiq göstərmək istəyir:
"Sadəcə olaraq, Avrasiya İttifaqı kimi heç bir əhəmiyyəti olmayan birliyə üzv olmaq münaqişəni həll etməyəcək. Əslində bununla S.Qlazev həqiqətləri açıb. Onun fikirlərindən məlum olur ki, münaqişəni yalnız müstəqilliyini itirmiş Ermənistan deyil, eyni zamanda onun əsl sahibləri, havadarları yaradıb. Bu güclər Azərbaycana edilən təzyiqlərdə bilavasitə maraqlıdır.
Əslində Azərbaycanın müstəqilliyini əlindən almaq istəyirlər. Ona görə, Sovet İttifaqını bərpa etmək istəyən qüvvələr Dağlıq Qarabağ münaqişəsinin arxasında durub”.
Qeyd edək ki, Sergey Qlazevin sözlərinə görə, postsovet ölkələrinin hamısını bu ittifaqda görmək istəyirlər. O əlavə edib ki, Qafqazda sülh məhz region ölkələrinin bu ittifaqa üzvlüyündən asılıdır.
Ayyət ƏHMƏD