Qorxulu siqnal yoxdur

Küləkli hava şəraiti ilə bağlı strateji obyektlərdə tədbirlər gücləndirilib




Bakı Nəqliyyat Agentliyi Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyi əsəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata müvafiq olaraq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC baş verə biləcək hadisələrin qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görüb.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev bildirib. O qeyd edib ki, təhlükəsizliyin təmin olunması üçün hazırda səfərdə olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus gəmilər səfərlərini müvəqqəti dayandırıblar: "Onlar sığınacaqlarda lövbərdə gözləmə mövqeyindədirlər. Hava şəraiti düzəldikdən sonra gəmilərin hərəkəti bərpa olunacaq”.

"BP-Azerbaijan” şirkəti təhlükəsizlik tədbirlərini daha da gücləndirib

"BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının verdiyi açıqlamaya görə, şirkətin hər hava şəraiti üçün müvafiq təhlükəsizlik qaydaları və prosedurları mövcuddur: "Hazırda bugünkü hava şəraitinə uyğun prosedurlar işə salınıb. Yəni, açıq havada küləyin təhlükə yarada biləcəyi bütün işləri, o cümlədən ağır yüklərin və əşyaların hündürlüyə qaldırılması, kran işləri və sair işləri dayandırmışıq. Bundan başqa, açıq havada işləyən işçilərin sayı yalnız ən vacib əməliyyat işlərini aparmaq üçün məhdudlaşdırılıb, avadanlıqlar möhkəm bağlanıb. Eləcə də əşyaların yıxılmaması və uçmaması üçün tədbirlər görülüb”. "BP-Azerbaijan” rəsmisi əlavə edib ki, güclü küləklə əlaqədar şirkətin neft və qaz hasilatı, ixracı və qazma əməliyyatlarını dayandırmaq planları yoxdur.

Gəmilərin fəaliyyəti dayandırılıb

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da "Şərq”ə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən küləkli hava şəraiti ilə bağlı lazımi xəbərdarlığın edildiyini təsdiqləyib və narahatlıq üçün ciddi səbəb olmadığını deyib: "Mənə göndərilən məlumata görə, Nərimanov adına NQÇİ işçiləri təxliyyə olunub, əlahiddə özüllərdə, iki aqreqat saxlanılıb, ağır texnikanın yarısı çıxarılıb, 28 may NQÇİ-də TQİ-n işçiləri dünəndən platformalardan Cilov adasına təxliyyə olunub. Gəmilərin fəaliyyəti dayandırılıb. İki həftə ərzində dalğanın hündürlüyü qeyd olunub. 

Belə başa düşdüm ki, martın 31-dən sonra da gəmilərin fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyula bilər. Bir-bir bütün sahələrlə əlaqə yaratmışam, hələlik heç bir şikayət yoxdur. Hansısa rəhbərin məsuliyyətsizliyi ucbatından fövqəladə hadisə baş verə bilər. Bu istisna deyil, amma rahatam ki, bütün obyektlərlə əlaqəm var, qorxulu bir siqnal almamışam. Dövlət Neft Şirkətinin "təhlükəsizlik” tədbiri görərək telefonların istifadəsinə qadağa qoymasına baxmayaraq əlaqə saxlaya bilirəm. Yeganə narahatlığım texniki qəzanın baş verməsi ilə bağlıdır. Zaman-zaman işçilər şikayət edir ki, təmirlər keyfiyyətsizdir”.

Şəymən