Qorxunun rəngləri...

Qulu Ağsəs hündürlükdən, Sevinc Elsevər qapalı yerdən, Nəriman Əbdürrəhmanlı sevdiklərini itirməkdən, Dəniz Tacəddin isə hörümçəkdən qorxurElçin Mirzəbəyli və Aydın Mirzəzadənin fobiyası olsa da açıqlamır
İnsanlar arasında geniş yayılmış əsəb pozuntularından biri fobiyadır. Kimi qorxularının üstünə gedir, bəziləri də bununla yaşamağa adət edir. Bu yaxınlarda keçirilmiş sorğu zamanı isə bir neçə maraqlı faktlar bəlli olub. Avropalıların 68 faizi məzuniyyət vaxtı yağış yağmasından, 38 faizi isə terror aktları baş verəcəyindən qorxur. Qeyd edək ki, yaşı 55-dən yuxarı olanlar terror aktlarından daha çox çəkinirlər.
Bəzi fobiyalar da var ki, onlar insan ömrünü "yeyib” bitirir. Eynilə dahi şair Nazim Hikmətin ölüm qorxusu kimi... Şairin ölüm qorxusu o həddə idi ki, hətta qorxudan yata bilmir, güclü yuxu həbləri ona gündə sadəcə bir neçə saat kömək edə bilirmiş.
Fobiyası olan məşhurlardan biri də Adolf Hitler idi. Dünyanı oda tutan diktator sudan qorxurmuş. Psixologiyanın dahi ismi Ziqmund Freydin qorxusu isə qatar və musiqi olub. O, buna görə piano çalan qonşusu ilə həmişə dalaşırmış.
Bəs, ölkəmizdəki tanınmış ictimai nümayəndələr ən çox nədən qorxur? 
"Şərq” qəzeti olaraq müxtəlif sahələrdən olan şəxslərlə əlaqə saxladıq və onların fobiyalarının nə olduğunu öyrənməyə çalışdıq.
Tanınmış aktrisa Dəniz Tacəddinin sözlərinə görə, əksər hallarda fobiyalar uşaqlıq travmalarına əsaslanır: 
"Uşaqlıqda bəzən valideynlər övladlarını qaranlıqla və yaxud da hansısa otaqda bağlayaraq cəzalandırırlar. 
Bunun da fəsadı gələcəkdə onlarda klastrofobiyani (qapalı məkan qorxusu) yaradır. Nə zamansa üzərinə it hürmüş, ya da it hücumuna məruz qalmış insan ömrü boyu itdən qorxur. İnsan beyni heç bir zaman görmədiyi, bilmədiyi bir şeydən qorxu yaşaya bilməz. O qorxunu yaşayırsa, demək ki, həyatının hansısa mərhələsində ya həmin obyektlə mənfi təması beynində həkk olunub, ya da əks tərəfdən beyninə neqativ bir obraz kimi yeridilib. Göz görməsə də beyinə siqnal impuls gedir ki, təhlükəli, vahiməli bir obrazdır və beyin avtomatik olaraq fantaziyasını işə salır.
Mənim də uşaqlıqda hörümçək qorxum olub. Çünki 5 yaşımda yuxuda üzümdə kökə salmış böyük tarantul görmüşəm. Amma illər sonra onu psixoanaliz edib qurtulmuşam. Bütün qorxulardan azad olmaq lazımdır. Çünki qorxular insan şəxsiyyətinin zəif nöqtəsidir. Qorxulardan azad olmağın ən effektiv nöqtəsi isə qorxuların üzərinə getməkdir”.
"Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs isə düşünür ki, hər kəsin mütləq nəyəsə fobiyası var: 
"Mən hələ bu günə qədər fobiyası olmayan normal insana rast gəlməmişəm. Hətta ağcaqanaddan qorxan adam da var. Məşhur şəxslərin də müxtəlif fobiyaları var. Məsələn, sonuncu seçkilərdə yenidən böyük səs faizi ilə qalib gəlmiş Almaniya kansleri Angela Merkel deyir ki, o, qaranlıq otaqda tək olanda şimşək çaxmasından və göy guruldamasından qorxur.
Mən ikinci Qarabağ savaşında kəşfiyyatçı işləmiş və böyük qəhrəmanlıqlar göstərmiş birindən müsahibə almışdım. Bəzi səbəblərə görə adını çəkə bilmirəm. O, heç nədən qorxmadığını deyirdi. Ona sual verdim ki, "doğrudanmı heç nədən qorxmursan?”. Cavabında dedi ki, "iynə vurmamışdan qabaq tibb bacısı əvvəlcə pambıqla spirti sürtür. Mən yalnız o andan qorxuram”. Heç vaxt ağlıma gəlməzdi ki, belə bir qəhrəman mənasız bir şeydən qorxar.
Mən özüm hündürlükdən qorxuram. Hündürlükdə olanda başım gicəllənir. İnsan gərək alçaqlıqdan qorxa, mən alçaqlıqdan qorxduğum kimi hündürlükdən də qorxuram...”.
Yazar xanım Sevinc Elsevərin fikrincə isə, bəzi fobiyalar var ki, cəmiyyət tərəfindən süni olaraq yaradılır. Uşaqlarda müəyyən qorxular olur. Bunun da əsas səbəbkarı məhz valideynlərdir: 
"Fobiya insanlarda hər yaş dönəmində ola bilər. Hazırda mənim də fobiyam var, əvvəllər də olub. Düşünürdüm ki, bu, müəyyən psixoloji pozğunluqlarla bağlıdır, amma əslində belə deyil. İnsan qorxu hissinə malik bir məxluqdur, çünki düşünən insan qorxu nədir bilir. Məsələn, insan var hündürlükdən, qapalı yerdə qalmaqdan qorxur. Mən də qapalı yerdə qalmaqdan qorxuram. Ona görə çalışıram ki, liftlərdən istifadə etməyim. Ən hündür binaya da yolum düşəndə pilləkənlərlə qalxmağa üstünlük verirəm. Texnikaya elə də arxayın olmuram. Bu fobiya məndə uşaqlıqdan qalıb, hələ də davam edir.
Hazırda övladlarımın da fobiyası var. Məktəbdə uşaqlar hansısa fövqəlbəşər məxluqlardan - cinlərdən, pərilərdən danışıblar. Bu danışıqlardan sonra qızımda qorxu əmələ gəlib. Mən nə qədər ona başa salmağa çalışıram ki, belə şeylər gerçək həyatda yoxdur. Lakin artıq uşaqda bu qorxu var.
Uşaqlar üçün "Donu qırmızı” adlı roman yazmışdım. Onun əsas qəhrəmanlarından biri "xoxan”dır. Həmin xoxanı romanda müsbət qəhrəman kimi təqdim etmişəm. Adətən bizdə valideynlər balaca uşağı qəsdlə xoxanla qorxudurlar. Bu, uşaqlarda süni fobiya yaratmaqdır. Bir var təbii fobiya, məsələn, insanda hündürlükdən qorxmağı yaratmaq olmaz, o insanın canında olur. Amma hansısa bir obraz uydurub uşağı ondan qorxmağa vadar eləmək düzgün deyil. Romandakı xoxan obrazı müsbət qəhrəmandır və uşaqlara demək istəmişəm ki, bəzən qorxduğumuz elə şeylər var ki, əslində onlardan qorxmalı deyilik”.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli hazırda heç bir fobiyasının olmadığını deyib: 
"Uşaqlıqda ola bilsin ki, hansısa qorxum olub, dəqiq xatırlamıram. Zaman keçdikcə insan xarakteri formalaşır, bu baxımdan da indiki halda hər hansı bir fobiyamın olduğunu düşünmürəm. Nə qaranlıq, nə yüksəklik, heç bir fobiyam yoxdur. Həm yuxarıdan aşağı yıxılmışam, həm dərinliyə enmişəm, boğulmaq təhlükəm olub. Bütün bu təhlükələrdən çıxıb gəlmişəm və ömrümün böyük bir hissəsi qaranlıqlardan keçərək işığa doğru getməkdən ibarətdir. Buna görə qaranlıqdan da qorxmuram”.
Tərcüməçi-publisist Nəriman Əbdülrəhmanlı bütün ömrü boyu ən böyük qorxusunun doğmalarını və sevdiklərini itirmək olduğunu deyib: "Həmişə bu qorxu ilə yaşamışam ki, sevdiklərimi itirə bilərəm və ya onların başına hər hansı bir hadisə gələr. Bir gün olsun belə bu hiss məndən əl çəkməyib. Elə indi də doğmalarımı, dostlarımı, sevdiyim adamları itirmək qorxusu məndə var”.
Millət vəkili Aydın Mirzəzadə uşaqlıq illərindən bu günə qədər yalnız bir fobiyasının olduğunu bildirib: 
"Amma qorxumun nə olduğunu deyə bilmərəm. Bu, uşaqlıqdan gələn bir fobiyadır və əhəmiyyətsiz olduğunu bilirəm. Çalışıram ki, elə də ciddi əhəmiyyət verməyim, lakin ara-sıra bu fobiya özünü göstərir. Mənim üçün ciddi problem yaratmır, lakin açıqlamağa ehtiyac duymuram”.
Psixoloq Narınc Rüstəmova isə fobiya və qorxunun tamamilə fərqli anlayışlar olduğunu deyib. Onun sözlərinə görə, fobiya qorxunun xəstəlik dərəcəsi deməkdir: 
"Biz deyə bilmərik ki, "qorxusu olan insan yoxdur”. Hər bir insanın nədənsə qorxusu var. Qorxu hissi əsasən insanlarda kiçik yaşlarından formalaşır. Ümumiyyətlə fobiya yunan sözüdür və "nifrət” deməkdir. Artıq xəstəlik dərəcəsindədirsə, bu zaman insanda ürək bulanması, qusmalar, ürək döyünməsi və bəzi simptomlar baş verir və psixi pozuntular yaradır. İnsanın həyat fəaliyyətinə mane olan bir qorxu var, bu zaman biz buna "fobiya” diaqnozunu qoya bilərik. İnsanın müəyyən qorxularının olması ona psixoloji olaraq pis təsir göstərmirsə, buna xəstəlik kimi baxmamalıyıq. 
Məsələn, bir şəxs pişikdən qorxur, amma onları öldürmür və ziyan vermir. Pişikləri sığallayır, sadəcə onlara toxunan zaman narahat olur. Bu, fobiya deyil, sadəcə qorxudur. Həmin insanın həyat fəaliyyətinə bunun heç bir maneçiliyi yoxdur. Kimsə maşın sürür və bu zaman qəzaya düşməkdən qorxur. Amma maşında istifadə edir və sükan arxasında problem yaşamır. Bunu da fobiya adlandırmaq olmaz.
Hazırda məndə fobiya yoxdur. Çünki mütəxəssis kimi bunları aşmışam. Amma xatırlayıram ki, 6-7 yaşım olanda qaranlıq fobiyam var idi. Bəzən analar uşağı qoxudur ki, "yatın, yoxsa xoxan gələr”. Məndə də uşaq vaxtı qaranlıq qorxusu olurdu. Hətta gecə yata bilmirdim, hər tərəfimi yorğanla örtürdüm, o qədər bürünürdüm ki, su içində qalırdım. Yatmaq da istəmirdim, bilirdim ki, qaranlıq olacaq. Ona görə istəmirdim axşam olsun”.
Yeganə Bayramova