Qrip virusu çox sürətlə yayılır

Bir neçə saatın içində bütöv məktəb yoluxa bilər
Qripə yoluxan uşaqları ev şəraitində sağaltmaq üçün onlara bolluca meyvə-tərəvəz və vitamin kompleksləri ilə zəngin olan qidalar vermək lazımdır


Hər dəfə havalar soyuyanda uşaqlar arasında qrip və soyuqdəymə hallarına tez-tez rast gəlinir. Bu dəfə də fərqli olmadı. Havanın temperaturunun qəfildən aşağı düşməsi ilə əlaqədar son iki gündə ölkədə azyaşlılar arasında qrip mənşəli viruslara yoluxma halları müşahidə olunur. Bəzilərinin etinasız yanaşdığı qrip virusu əslində bir çox xəstəliklərin başlanğıcına rəvac verir. Müşahidə olunan xəstəlik yüksək hərarət, bəlğəmli öskürək, ishal və qusma kimi əlamətlərlə özünü büruzə verir.

Sosial şəbəkələrdə isə uşaqlar arasında yayılan bu xəstəliyin "Koksaki” virusu olduğunu idda edirlər. Ehtimallara görə, virus ölkəyə Türkiyənin Antalya bölgəsində dincələn azərbaycanlılar tərəfindən gətirilib.
Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev isə "Koksaki” virusu ilə bağlı yayılan məlumatların doğru olmadığını deyib: "Bir ay öncə ölkəyə Antalydan "Koksaki” virusunun gətirldiyi barədə məlumatlar yayılanda, biz yoxlamalar apardıq. Məlum oldu ki, Azərbaycanda belə bir virus yoxdur”.

Yayılan xəstəliyin mövsüm dəyişikliyi ilə bağlı olduğunu deyən N.Quliyevin fikrincə, havaların kəskin dəyişməsilə xəstəlik müşahidə edilə bilər: "Təəssüf ki, iqlim kəskin dəyişsə də, bəziləri geyimlərini dəyişməyiblər. Bəzi hallarda valideynlər uşaqlara qarşı diqqətsiz olurlar. Onları havaya uyğun geyindirmirlər. Belə olan halda uşaqlarda soyuqdəymə xəstəlikləri müşahidə olunur. Havanın temperaturunun azalması ilə bədəndə soyuma olanda bir qisim virus və bakteriyalar baş qaldırır. Bu da azyaşlıların xəstələnməsi, yaxud kəskin respirator virus, angena kimi özünü büruzə verir. Bu da payız-qış mövsümü üçün xarakterikdir”.

Baş pediatr bildirib ki, azyaşlıların il ərzində ən azı 2 dəfə qripə yoluxması normal qarşılanmalıdır: "Bir az obrazlı desək, ildə iki dəfə qrip olmaq uşaqların haqqıdır. Bu, dünya praktikasında belədir”.
N.Quliyev digər səbəb kimi uşaq kollektivlərinin fəaliyyətə başlamasını göstərib: "Xəstəliyin artması həm iqlimin dəyişməsi, havaların soyuması ilə, həm də sentyabrdan başlayaraq uşaq kollektivlərinin yenidən fəaliyyəti ilə bağlıdır. Uzun müddət aradan sonra uşaqların kollektivlərdə toplaşması da xəstəliklərin artmasını şərtləndirən amildir. Bu vaxt xəstə uşağın digər uşaqları yoluxdurma ehtimalı artır”.
Pediatr Kəmalə Əmrahovanın sözlərinə görə, bədənin qripə və digər xəstəliklərə qarşı mübarizə apara bilməməsinin əsas səbəbi immunitetin zəifliyidir: 
"İmmun sistemi zəif olan uşaqlar virus infeksiyasına daha tez yoluxur”. Qrip virusunun kifayət qədər təhlükəli və yoluxucu olduğunu vurğulayan pediatr deyib ki, yoluxucu hallar daha çox uşaq bağçaları və məktəblərdə baş verir. Ona görə də, virus infeksiyasına yoluxan uşaqları mümkün qədər kollektiv məkanlardan, məktəbdən və bağçadan uzaq tutmaq lazımdır ki, digər uşaqları da yoluxdurmasın. Bu cür viruslar o qədər surətli yayılır ki, bir neçə saatın içində bütöv məktəb yoluxa bilər. Buna səbəb isə qrip virusunin hava-damcı yolu ilə, yəni öskürək və asqıraqla keçməsidir.

Pediatrın tövsiyəsinə görə, payız-qış mövsümündə virus xəstəliklərinə daha çox yoluxmamaq məqsədilə orqanizmin möhkəmləndirilməsi tədbirləri ilin isti fəsillərində aparılmalıdır. Eyni zamanda uşaqlara virus əleyhinə peyvəndlərin vurulması məsləhət görülür. Ən önəmlisi isə uşaqların yuxu rejiminə ciddi önəm verilməlidir. Həkimin sözlərinə görə, qripə yoluxan uşaqları ev şəraitində sağaltmaq üçün onlara bolluca meyvə-tərəvəz və vitamin kompleksləri ilə zəngin olan qidalar vermək lazımdır. Bolluca maye qəbul etməlidir ki, infeksiya bədəndən xaric olsun. Evdə olan digər uşaqlara yoluxmasın deyə mütləq maskadan istifadə olunmalıdır.

Şəymən