"Belə daha doğrudur, dini qaydalara uyğundur”
31 mart - azərbaycanlıların soyqırımının 100 illiyi günlərində əsas diqqət Quba Memorial Kompleksinə yönəlmişdi.
Qubaya dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri ilə yanaşı vətəndaşlarımız axın etdilər, erməni vandalizminin, erməni vəhşiliyinin qurbanları ehtiramla yad edildi. 2001-ci ildə Qubada toplu məzarlıq aşkarlandığı zaman məzarlığın olduğu kimi saxlanması fikirləri də səslənirdi. Lakin sonra insan sümüklərinin açıq halda saxlanması milli və dini dəyərlərimizə uyğun olmadığı əsas götürülərək qalıqların dəfn edilməsinə qərar verildi. Və bu zaman qardaş Türkiyə ərazisindəki toplu məzarlıqlarla bağlı təcrübə əsas götürüldü (həmçinin, Quzey Kıbrıs Türk Cümhuriyyətində də toplu məzarlıqlar mövcuddur - red).
Quba məzarlığı aşkarlandıqda tədqiqat işlərinə rəhbərlik edən, məzarlığın, insan sümükləri qalıqlarının qorunmasında danılmaz əməyi olan AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev "Şərq”ə açıqlamasında özünün də əvvəlcə, məzarlığın üstünün örtülməməsi tərəfdarı olduğunu xatırlatdı:
- O zaman toplu məzarlıq aşkarlananda mən də bu fikirdəydim ki, insan skeletləri dəfn edilməsin, şüşə altında olduğu kimi saxlansın. Bu fikirdəydim ki, qoy, bütün dünya erməni vəhşiliyinin şahidi olsun. Qubaya həqiqətən də dünya ölkələrindən nümayəndələr gəldi, öz gözləri ilə insan faciəsinin şahidi oldular. Lakin sonra dövlət səviyyəsində belə qərara gəlindi ki, sümüklər dini qaydaya uyğun dəfn edilməlidir. Sümüklərin açıq şəkildə qalması nə milli, nə də dini dəyərlərimizə uyğundur. Dövlətin qərarı ilə insan sümükləri basdırıldı. Azərbaycanlılar - müsəlmanlarla yanaşı, orada qətlə yetiriliş digər millətlərə, dinlərə mənsub insanların sümüklərinin qalıqları da xüsusi dini ayinlə torpağa dəfn edildi. Belə, düzgündür, doğrudur.
Q.Ağayev bildirdi ki, bu gün də Quba soyqırım kompleksinə maraq böyükdür. Dünya dövlətlərindən nümayəndələr Azərbaycana səfər edərkən Quba məzarlığına aparılır və erməni vəhşiliyinin sübutunu öz gözləri ilə görürlər. Q.Ağayev bildirdi ki, qazıntı zamanı insan sümüklərinin aşkarlanması, muzeyin ilk vaxtlardakı vəziyyəti, insan sümüyü qalıqlarının əks olunduğu fotoşəkillər və 1918-ci il qırğınlarına aid tarixi sənədlər Memorial Kompleksdə sərgilənir.
Məlahət