Qulu Məhərrəmli inanmır

“Ramiz müəllim o ifadələri səviyyəsiz jurnalistləri nəzərdə tutub, deyib”




Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistləri təhqir edən açıqlamaları hələ də müzakirə obyekti olaraq qalır. Akademikin elmi nailiyyət və elmi dünyagörüşü ilə deyil, söyüş və təhqirləri ilə aparılan müzakirələrin episentrində dayanması ictimaiyyətdə təəssüf doğurur. Jurnalistlərə ünvanlanan təhqir dolu "bezdarnı”, "küçük” kimi nalayiq ifadələrinə jurnalistlər tərəfindən müxtəlif şəkildə cavab verilib.

Millət vəkili Fazil Mustafa təhqiri yolverilməz hesab etsə də, Ramiz müəllimin Azərbaycanın dəyərli elm adamlarından biri olduğunu deyib: 

"Mənim ona böyük hörmətim var. Ola bilsin ki, həqiqətən o sözləri deyəndə əsəbi olub. Hər halda uğursuz bir cavabdır. Ramiz müəllim leksikonunda bu formada danışan insan deyil. Azərbaycan elminin inkişafında özünəməxsus yeri olan bir insan kimi Ramiz müəllimə dəyər verirlər. Məsələni bu dərəcədə gərginləşdirməyə ehtiyac yoxdur. Belə dəyərli alimlərimizin bu cür addımlarına müəyyən dərəcədə güzəşt etməliyik. Çünki bu, əsəbi situasiyada verilən bir cavabdır. Sonuncu açıqlamasında da səsləndirdiyi fikirlərdən peşman olduğu görülür. Ümumiyyətlə, hamının, xüsusilə də jurnalistlərin təhqir olunması doğru addım deyil. Çünki jurnalistlər bizim fikirlərimizi cəmiyyətə çatdıran peşə insanlarıdır. Təbiidir ki, jurnalistlərin içərisində də keyfiyyətli, keyfiyyətsiz insanlar var. Bir pis jurnalistə görə bütün jurnalistləri təhqir etmək normal hal deyil. Mənim fikrimcə, bu olayı yaxşı mənada yoluna qoymaq lazımdır. Ramiz müəllim öz zəhməti ilə akademikliyə yüksələn bir insandı”.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində tanınmış telejurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli isə açıqlamasında söyləyib ki, Ramiz müəllim o ifadələri işlədəndə yəqin ki, səviyyəsiz jurnalistləri nəzərdə tutub. 

"İnanmıram ki, o, modern.az saytını nəzərdə tutur. Çünki modern.az saytı ölkənin ciddi, doğru xəbər verən saytıdır. Ümumiyyətlə, məmurların bir çoxu jurnalistlərlə danışmağa alışmalıdırlar. Onların xoşuna gəlməyən jurnalistlər və suallar ola bilər. Jurnalist ondan problemləri ortaya çıxarmaq üçün lazımdır. Jurnalistlərlə bu cür davranmaq olmaz. Bu cür ifadələrin işlədilməsi doğru deyil. Eləcə də Ramiz Məmmədov kimi elm adamının bu cür sözlər işlətməsi ona yaraşmayan bir haldır. Buna qarşıyam. Jurnalistləri təhqir etmək olmaz. Jurnalistlərin buna emosional yanaşmasını istəmirəm. Mən bu ifadələri səviyyəsiz, sual verməyi bacarmayan jurnalistlərə aid edirəm. Bunu özümüzə aid etmirəm”.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, peşəsindən və sənətindən asılı olmayaraq hər hansı bir şəxsin ünvanına təhqir səsləndirməsi məqbul deyil. Xüsusən də, sivil cəmiyyətlərdə bu cür davranışlar qəbuledilməzdir: 

"Azərbaycanlı bir alimin isə jurnalistlərə qarşı bu cür aqressiv münasibət sərgiləməsi ancaq təəssüf doğura bilər. Bizlər bəzən konkret şəxsə elmi titul daşıdığına görə fərqli müstəvidən yanaşmağa çalışırıq. Bu düşüncə də bizdə sovet dövründən qalıb. Halbuki alimlər də müxtəlif olurlar. Elmli olmaq, hansısa sahə üzrə dissertasiya müdafiə etmək yüksək mədəniyyət və düşüncə sahibi olmaq deyil. Elə atalarımız da çox yaxşı deyib ki, "alim olmaq asandır, insan olmaq çətin”.

Son zamanlar elm adamlarının mediaya qarşı aqressiv münasibət sərgiləməsinin ürəkağrıdan bir hal olduğunu qeyd edən E.Mirzəbəyli hesab edir ki, insanlara titullarına və tutduqları mövqeyə görə deyil, onların şəxsiyyətlərinə, daxili mədəniyyətlərinə görə qiymət verilməlidir:

"Kimsə adının önündə "professor”, yaxud da "akademik” titulu daşıyırsa, bu hələ onun mədəniyyət və insanlıq üzrə alim olduğu anlamına gəlmir. Sizi əmin edirəm ki, Azərbaycanın orta səviyyəli bir jurnalisti Ramiz müəllim kimi adamlarla üz-üzə istənilən debatda onun nə qədər aşağı səviyyəli biri olduğunu sübuta yetirə bilər. Hərdən bir alimlərimiz çalışdıqları institutların nəfəsliklərini açıb, otağın havasını dəyişsinlər”.

Şəymən