“Quş qripi” aşkarlanandan sonra Bolqarıstandan məhsul almamışıq





Bolqarıstan hökuməti ölkə üzrə 63 "quş qripi” ocağı qeydə alıb. Həmin ərazilərdə 430 mindən çox ev quşu "H5N1” virusuna yoluxub. Virusa yoluxan quşların böyük hissəsi ördəklərdir.

İndiyədək hökumət problemin aradan qaldırılmasına təqribən 540 min dollar vəsait ayırıb. Lakin bu məbləğin 5 dəfə artacağı bildirilir. Virusun baş qaldırmasının əsas səbəbi quş yetişdirilməsi üzrə fermalarda gigiyenik normalara riayət olunmamasıdır. Virusun qonşu ölkələrə keçməsi də istisna edilmir.

Məsələ ilə bağlı "Şərq”ə danışan Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli ölkəmizdə hələlik epizodik vəziyyətin sabit olduğunu deyib. Onun sözlərinə görə, virusla əlaqədar olaraq Respublikamızda müvafiq tədbirlər yerinə yetirilib:

"Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı bir neçə müddət bundan qabaq məlumat yaymışdı. Həmin məlumatda Bolqarıstanda həm "quş qripi”nin, həm də "nükals” xəstəliyinin aşkarlanması qeyd olunmuşdu. Azərbaycan Respublikası həmin ölkədən quş və quş məhsullarını hazırda almır. Düzdü, oktyabr və noyabr aylarında Bolqarıstandan quş məhsulları almışıq, amma xəstəlik qeydə alınandan sonra ordan heç bir məhsul ölkəmizə gətirilmir. Dekabr ayının ortalarında payız miqrasiyası ilə əlaqədar monitorinq keçirdik. Həm çöl quşlarından, həm ev quşlarından qan nümunələri və pataloji materiallar götürüldü. Həmin nümunələr Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçdi və nümunələrin heç birində xəstəlik törədicisi aşkar edilmədi. Ölkəmizdə xəstəlik baş verərsə, kifayət qədər dezinfeksiyaedici maddələrimiz mövcuddur. Xəstəliyin qısa vaxtda müayinə edilməsi üçün Respublika Baytarlıq Laboratoriyasında müasir tələblərə cavab verən avadanlıqlarımız və bu avadanlıqları işlədə biləcək mütəxəssislərimiz var. Həmçinin, İranda və Rusiyada bu xəstəlik qeydə alınmışdı. Həmin xəstəliklərin baş verməsi ilə əlaqədar hər iki ölkəyə müvəqqəti məhdudiyyət tətbiq olunub. Bu məhdudiyyət bu gün də öz qüvvəsində qalmaqdadır”.

Yeganə Bayramova