Ramiz Məlikdən münasibət :"Hakim də gördü ki, Məleykənin ağlı..."

Ramiz Məlik: "Peşmanam. Gərək üzr də istəməyəydim. Dəfələrlə üzr istədim. Daha bəsdi də. Bilsəydim ki, məhkəməyə qədər uzanar, üzr istəməzdim"



Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı və R.Məlikin ona qarşı iddiası üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hər iki iddia təmin edilməyib.

M.Əsədovanın vəkili jurnalistlərə açıqlamasında bildirib ki, müvəkkili xüsusi ittiham qaydasında da məhkəməyə müraciət edəcək: "Həmçinin, bu məhkəmə qərarından da apelyasiya şikayəti veriləcək".

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, məhkəməyə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.
R.Məlikin vəkili Türkel Süleymanlı məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Mülki iddia icraata qəbul edilib.

Məhkəmənin qərarına münasibət öyrənmək üçün hər iki xalq artisti ilə əlaqə yaratdıq. «Şərq»ə danışan Məleykə Əsədova hazırda xaricdə olduğunu, istirahətdən qayıtdıqdan sonra açıqlama verəcəyini bildirdi: «Bu barədə danışmaq istəmirəm. Hazırda istirahətdəyəm. Məhkəmə qərarı ilə bağlı atacağım addımı yaxın günlərdə mətbuata bildirəcəm. Apelyasiya Məhkəməsinə müraciət etmək hüququmdan istifadə edəcəm. Mən valideynlərimi təhqir edən şəxslə bağlı sona qədər hüquqi müstəvidə mübarizə aparacam».

Xalq artisti Ramiz Məlik də məhkəmənin qərarına münasibət bildirərək «Şərq»ə danışdı: 

«Məhkəmə prosesində hakim ədalətli qərar verdi. Məleykə 200 min tələb edirdi, mən 300 min. Hakim də gördü ki, Məleykənin ağlı yoxdu. Birinci o məni təhqir edib, sonra mən onu. Məhkəmə ədalət, barışıq istəyir deyə belə qərar verdi. Məhkəmədə də bildirdim ki, bu işə son qoyulmalıdır. Ağlı olsa, dayanar. Onun vəkilinə də bunu bildirdim. İndi eşidirəm, Məleykənin vəkili bildirir ki, apelyasiyaya müraciət edəcəklər. Yəni bu insan dayanmaq istəmir. Əgər apelyasiyaya müracət etsələr, mən də müraciət edəcəm. Onlar 200 min istəyəndə mən yenə 300 min tələb edəcəm. Bu adamın başı xarab olub. Şou yaradır, bununla reklam olunmaq istəyir. həmişə belə edib. Guya, onun kim olduğunu bilmirsiz? Mən məhkəmədə də barışıq əli uzatdım. Vəkilinə bildirdim nöqtə qoysun. Amma bu qadın dayanmaq istəmir. Əgər dayanmasa, sonucuna da qatlanar. Ramiz Məlik yenə də böyüklük edib barışıq əli uzatdı».

Ramiz Məlik bu məsələdə teatrın rəhbərliyindən də gileyləndi: 

"Bu məsələdə teatrın rəhbərliyi çəkib özünü qoydu kənara. Teatrdakı sənət yoldaşlarım da özlərini kənara çəkdilər. Heç kim bu məsələdə barışıq üçün bir addım atmadı. Mən elə buna görə də teatrdan iyrəndim. İstəsəydilər, bu məsələ teatrda həllini tapardı. Kollektiv bir dəfə təşəbbüs göstərdi, mən də böyüklük edib teatrda hamının qarşısında üzr istədim, ictimai şəkildə də üzr istədim. Amma bu insan bunu anlamadı. Peşmanam. Gərək üzr də istəməyəydim. Mən dəfələrlə üzr istədim. Daha bəsdi də. Bilsəydim ki, məhkəməyə qədər uzanar, üzr istəməzdim. 

Teatr rəhbərliyi kənara qaldı. Guya ona məsləhət veriblər, ancaq rəhbərliyin də sözünü dinləməyib. Hər halda mən təkcə özümə görə tənqid etməmişdim. Mən teatrın nüfuzunu nəzərə alıb, özümdən yaşda kiçik olan həmkarıma tövsiyə vermişdim. Bunu Məleykə təhqir kimi qələmə verib böyütdü. Mən Allahdan başqa heç kimdən qorxmuram. Məhkəmə də qərarını verib. Əgər apelyasiya müraciət etsə, mən də apelyasiyaya müraciət edib ondan 300 min manat tələb edərəm».

Tahirə Məmmədqızı