Regionlarda əməliyyatdan sonra ölüm halları niyə artıb ?- Səbəblər sadalandı

"Cərrahiyyə əməliyyatlarında ehtiyatsızlıq, savadsız həkimlərin, səriştəsiz tibb işçilərinin ucbatından ölüm hallarından sığortalanmamışıq”.
Bunu "Sherg.az”a xüsusilə, bölgələrdə fəaliyyət göstərən xəstəxanalarda xəstələrin cərrahi əməliyyat zamanı dünyasını dəyişməsi faktlarının artmasından danışarkən "Borçalı” Cəmiyyətinin sədri, həkim Zəlimxan Məmmədli deyib. 
Onun fikrincə, Azərbaycanda səhiyyə sistemində islahatların olmamağı, əyalətlərdə ixtisasartırma problemləri mövcuddur:
"Ölkəmizdə səhiyyə sistemi guya büdcə təşkilatıdır. Əslində isə belə deyil. Həkimlərin, tibb personalının sosial müdafiəsi də rəsmi status qazanmayıb. Bu məsələnin üzərində ciddi şəkildə işləmək lazımdır. Həkim və müəllim cəmiyyətdə öz yüksək səviyyəsinə qaldırılmalıdır. Həkim poliklinikada çalışaraq, 180-200 manat maaş alır. Maddi təminat yoxdur. Üstəlik xəstəyə pulsuz xidmət etməlidir və belə imkanı da yoxdur. Nəticədə, həkim və xəstələr arasında "sövdələşmə"lər baş verir. Bununla əvvəlki dövrlərdəkindən də eybəcər vəziyyət yaranır. Əslində həkim və xəstə arasında elə münasibət olmalıdır ki, pul, rüşvət problemi yaranmasın. Amma sistemi elə qurublar ki, həkimlər xəstələrlə aradakı "pərdə”ni qaldırmalı olur.
Səhiyyədə, təhsildə islahatlar fundamental şəkildə həyata keçirilməsə, həkimlər və müəllimlərin sosial müdafiəsi ən yüksək formada təmin edilməyəcəksə, xoşagəlməz, mənfi hallar azalmayacaq. İstənilən sahədə yanaşma düzgün deyil. Ona görə, gecikmədən addımlar atmaq lazımdır”.
Qeyd edək ki, Qazax Müalicə Diaqnostika Mərkəzində sağ ayağından əməliyyat olunan Ağstafa rayon Poylu kənd sakini, 1947-ci il təvəllüdlü Mustafayev Rüstəm Süleyman oğlu əməliyyatdan sonra oyanmayıb və dünyasını dəyişib. Bundan əvvəl isə, iyunun 29-da M.Mustafayevin qohumu, Ağstafa rayonu, Poylu kənd sakini, 1954-cü il təvəllüdlü Dəmirova Natalya da Qazax Müalicə Diaqnostika Mərkəzində qarın yırtığından əməliyyat zamanı dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Aysel Aslan