Osman Gündüz: "Hansısa sahədə yeni texnologiya, robot olacaqsa, işçilərin ixtisarı müşahidə edilə bilər..."
"Robotlaşma dünyada gedən texniki inkişaf tendensiyasıdır və bunu saxlamaq mümkün deyil”.
Bunu "Sherg.az”a "Moven” şirkətinin rəhbəri Brett Kinqin "2035-ci ildə dünyada robotların sayının insanlardan daha çox olacağı haqqında proqnozlarına münasibət bildirərkən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, bu, bəşəriyyətin, insanlığın inkişafına yönəldilməlidir:
"Yeni texnologiyaların əmək bölgüsü, işsizliklə bağlı problemlər yaradacağı qaçılmazdır. Lakin bunu əvvəldən görərək, hökumətlər, qərar qəbul edən şəxslər cəmiyyətin özü hazır olub, qabaqlayıcı addımlar da atmalıdır. Yəni ən azı bu sahənin inkişafı ilə əlaqəli ixtisasların, mütəxəssislərin, yeni kadrların hazırlanmasına diqqət etmək lazımdır. Transformasiya olmalıdır.

Hansısa sahədə yeni texnologiya, robot olacaqsa, işçilərin ixtisarı müşahidə edilə bilər. Bu zaman robotların özünün hazırlanması, onların proqram təminatı, süni intellekt və s. tətbiqi işlərində mütəxəssislərin, kadrların hazırlanmasına diqqət yetirilməlidir. Bu problemdən yan keçmək üçün imkandır. Ona görə, hazırlayacağımız mütəxəssislər də həmin istiqamətə yönəlməlidir. Nəticədə ciddi sosial problemlərin qarşısı alınar”.
Qeyd edək ki, Kinqin sözlərinə görə, texnologiya və süni intellektin inkişafı gətirib ona çıxaracaq. Daha əvvəl insanın həyata keçirdiyi işlərin böyük hissəsini robotlar yerinə yetirəcəklər. Tədricən "ağıllı” maşınların sayı artacaq və 2035-ci ildə dünyada robotların sayı insanların sayını ötəcək.
Aysel Aslan