Rus kəşfiyyatçılarının qətlləri dünyanı çalxalayır

Sərdar Cəlaloğlu: “Rusiya ilə Qərb arasında gərginliyin artması dünya müharibəsinin başlanmasına siqnaldı”



Böyük Britaniya, Fransa, Almaniya və ABŞ liderləri Rusiyaya qarşı birgə bəyanat yayıblar. Bəyanatda Rusiya İngiltərənin Solsberi şəhərində yaşayan Sergey Skripal və qızı Yuliya Skripalın kimyəvi silahla zəhərlənməsində günahlandırılır: "Bu, açıq şəkildə beynəlxalq hüququn və Kimyəvi Silahlar Konvensiyasının pozulmasıdır. Biz Rusiyanı Solsberi hadisəsi ilə bağlı bütün sualları cavablandırmağa çağırırıq”.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Skripal və qızı Yuliya martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Britaniya baş naziri Tereza Mey martın 12-də Skripal və qızının SSRİ-də istehsal edilmiş "Noviçok” adlı kimyəvi silahla zəhərləndiklərini bildirib. O, hadisəyə görə məsuliyyəti Rusiyanın üzərinə qoyaraq bunu Böyük Britaniyaya qarşı akt kimi qiymətləndirib. Martın 14-də isə Mey Rusiyaya qarşı sanksiya xarakterli qərarları açıqlayıb. Bu qərarlara əsasən Rusiya ilə rəsmi səviyyədə təmaslar dayandırılır və bu ölkənin diplomat adı ilə Britaniyada fəaliyyət göstərən 23 kəşfiyyatçısı ölkədən çıxarılır. Rusiya da buna cavab olaraq britaniyalı diplomatları ölkədən çıxarmağa hazırlaşır.

Tereza Meyin ardınca ABŞ Prezidenti Donald Tramp da Skripal və qızının zəhərlənməsinin arxasında Rusiyanın dayandığını bildirib. Vladimir Putin Sergey Skripal və qızının zəhərlənməsindən dolayı İngiltərənin Rusiyaya qarşı yaranan münasibətinə görə olduqca narahatdır. Kreml sözçüsü Dmitri Peskov deyib ki, Təhlükəsizlik Şurasının son olaylardan dolayı Rusiya və İngiltərə arasında yaranan gərginlik müzakirə edilib. Putin qarşı tərəfin son dərəcə provokativ və dağıdıcı mövqeyindən dolayı çox narahat olduğunu bildirib.

Tərəflər arasında artan gərginliyi şərh edən Azərbaycan Demokratik Partiyasının sədri, politoloq Sərdar Cəlaloğlu deyib ki, bu cür qətllərə görə, Rusiyanın ittiham edilməsi ilk dəfə baş vermir. Siyasi ekspertin sözlərinə görə, bir müddət əvvəl Moskva Rusiya əleyhinə çıxan daha bir "KQB” əməkdaşını İngiltərədə zəhərləyərək öldürüb: "Kreml tərəfindən törədilən siyasi qətllərin tarixi sovet dövrünün qurulmasına qədər gedib çıxır. Vaxtı ilə Trotskini, ondan sonra Fətəli bəy Düdənginskini xarici ölkələrdə məhz rus kəşfiyyatçıları aradan götürüblər. Sanki, bir növ ənənəyə çevrilib. Sonuncu qətl hadisəsi isə Qərb dünyasının səbr kasasını doldurdu. Təsəvvür edin, ardıcıl olaraq iki vətəndaş Böyük Britaniyaya pənah aparır, amma ölkənin müvafiq dövlət qurumları onlara sığınmış şəxsləri qoruya bilmir. Bu həm də Rusiyanın digər dövlətlərin daxili işinə qarışması anlamına gəlir. Məncə, Qərb ölkələrinin Rusiya ilə bağlı mövqeyi tamamilə düzgündür. Çünki bu cür qeyri-qanuni yollarla mübarizə aparmaq yolverilməzdir”.

Analitik bildirib ki, dünyada hazırda çox ciddi proses gedir və dünya nizamı yenidən formalaşır: "Super güclər bu prosesdə daha çox pay almağa çalışırlar. BMT-nin yenidən rekonstruksiyasına qədər proses davam edəcək. Yaxın 10-15 il ərzində hadisələr gərgin müstəvidə inkişaf edəcək. Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçüncü dünya müharibəsinin başlayacağının proqnozunu verdi. Rusiya ilə Qərb arasında gərginliyin artması dünya müharibəsinin başlanmasına siqnaldı. Tarixdə iki dəfə dünya müharibəsi olub, hər iki savaşda da Rusiya tərəf olub. Əgər Rusiya getdikcə daha ciddi formada tərəfə çevrilərsə, növbəti cahan müharibəsinin başlanması labüd olacaq”.

İsmayıl