Rusiya donanmasını sərhədə toplayır

“Bu, yalnız Bakı üçün deyil, bölgə üçün təhlükəlidir”




Rusiya Xəzər donanmasını Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürəcək.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib. Onun sözlərinə görə, donanma Kaspiyskə köçürüldükdən sonra buradakı hərbçilərin sayı da artırılacaq. Şoyqu donanmanın köçürülməsinin Xəzər regionunda təhlükəsizliyin ciddi komponenti olduğunu bildirib. Bir sıra ekspertlər hərbi yerdəyişməni Azərbaycana təhdid kimi dəyərləndiriblər. Onların fikrincə, Moskvanın donanma ilə bağlı qərarı müəyyən ambisiyalardan xəbər verir. 

Narahatlığı "Şərq”ə dəyərləndirən tanınmış politoloq Azər Rəşidoğlu bildirib ki, Rusiya üçün Azərbaycan sərhədləri çox önəmlidir. Ekspertin sözlərinə görə, Suriya və İran ətrafında yaranmış geosiyasi vəziyyət Moskvanı Cənubi Qafqaz, Şimali Qafqaz, Aralıq və Qara dəniz, habelə Xəzər dənizindəki hərbi qruplaşmalarının döyüş hazırlığını yüksəltməyə vadar edir: "ABŞ-ın dəstəyi ilə İsrailin İranın nüvə obyektlərinə zərbələr endirəcəyi perspektivi Kremli narahat edir. Rusiya düşünür ki, ABŞ-ın zərbələri İrana ciddi fəsad verəcək. Türkiyə və ya Azərbaycan istiqamətindən Ermənistana qarşı hərbi təhlükə yaranacağı halda isə Rusiya quru qoşunlarının işə qarışacağını ehtimal etmək mümkündür. Rusiya qoşunlarının İrandakı münaqişədə yer alacağı da istisna edilmir. İran irimiqyaslı quru müdaxiləsi təhlükəsi ilə üzləşərsə, Rusiya proseslərə müdaxilə edə bilər. İstənilən halda Rusiyanın Azərbaycan sərhədlərinə yaxın ərazilərə qoşun yığması narahatedicidir. Bu, yalnız Bakı üçün deyil, bölgə üçün təhlükəlidir”.

İsmayıl