"Rusiya hakerlərinin Klintonun yazışmalarını dağıtması uydurmadır" - ŞƏRH




"Rusiyanın ABŞ-dakı prezident seçkilərinə kiberhücumlar təşkil etməsi mümkün deyil”.

Bunu Sherg.az-a Rusiyanın ABŞ-ın kompüter sistemlərinə kiberhücumlar etməsi haqqında ittihamlara münasibət bildirərkən, politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, ABŞ-da keçmiş məxfi orqanların əməkdaşları və bağlı strukturlarda fəaliyyət göstərən insanlar hesabına xüsusi qruplar yaradılıb, Barak Obama administrasiyasının xeyrinə dağıdıcı fəaliyyətə başlayıb: 

"Bunun bütün məsuliyyətini isə Donald Trampın və onun tərəfdarlarının üzərinə atırlar. D. Trampın prezident elan olunmasından sonra dövlət çevrilişinə cəhdlər göstərilir və onun hakimiyyətə buraxılmamağı üçün son güllədən istifadə edirlər. Prezidentin yanvarın 20-də inauqurasiya mərasimində, insanların qarşısında çıxış edib, səlahiyyətlərinin icrasına başlamasının qarşısını almağa çalışırlar. Burada ciddi siyasi eksperimentdən danışılır. Dövlət çevrilişinə cəhd kimi qələmə verilən bu halı Qərb mətbuatı analiz etdiyindən, müəyyən işartılar belə düşünməyə əsas var. Rusiyanın D. Tramp və onun komandasına simpatiyası ola bilər, lakin ABŞ-ın dövlət yazışmalarına, kargüzarlıq sisteminə hər kəs istədiyi kimi müdaxilə edə bilməz. Amerika elitasının daxilində müəyyən qüvvələr Hillari Klintonun qələbəsinə hazırlaşıblar. Gözlənilmədən D. Trampın prezident seçilməsi ilə həmin qüvvələr vəziyyəti özünəməxsus şəkildə dəyişdirilməsinə çalışdı. Bu da Rusiya və Trampa qara ləkə salınmasına gətirib çıxartdı”.

T. Abbasov söyləyib ki, D. Trampın prezidentlik kariyerasına başlamadan son qoyulmasına çalışırlar: 

"Kreml ABŞ prezidentinə simpatiyası olduğunu gizlətmirdi. Buna baxmayaraq onun qələbəsi Amerika qanunları çərçivəsində baş tutdu. Hakerlərin Rusiyanın sifarişi ilə H. Klinton və digər demokratların yazışmalarının dağıtması isə uydurulma məsələdir. Əslində, həqiqətən məlumatların sızdırılması olub, lakin bunun arxasında kimin dayanması sual doğurur. Bu Rusiyanın məxfi dairələrinə deyil, ABŞ-ın daxilində yaranan, yuxarı dairələrin tapşırığı ilə bunu həyata keçirən məxfi qrupun əməlləridir”.

Politoloq onu da əlavə edib ki, Donald Trampın inauqurasiya mərasimindəki çıxışına qədər biz çox hadisənin şahidi olacağıq: " 

Hətta ABŞ-ın Baş Prokurorluğu işə qarışıb, sanksiya qəbul edərsə Barak Obamanın prezidentlik dövrü uzadıla da bilər”.

Qeyd edək ki, ABŞ rəhbərliyi və xüsusi xidmət orqanları rəsmiləri Rusiyanı ABŞ-da kompüter sistemlərinin parollarının qırılması cəhdlərində ittiham edib.

Aysel Aslan