"Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq genişlənəcək" - Açıqlama





Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Görüş zamanı ölkə başçısı bildirib ki, Şimal-Cənub dəhlizinin yaradılması ilə bağlı Azərbaycan və Rusiyanın birgə fəaliyyətinin nəticələri məmnunluq doğurur.

Görüşü müsbət qiymətləndirən iqtisadçı-ekspert Fuad İbrahimov "Sherg.az”a söyləyib ki, son zamanlar Rusiyanın qərb istiqamətində münasibətlərində müəyyən çətinliklər hiss olunur:

"Rusiyanın şərq qonşusu Ukrayna ilə münasibətləri onun əlində olan Avropaya çıxan komunikasiyalardan istifadəsini çətinləşdirib. Hazırda Azərbaycanın həyata keçirdiyi və məhz ölkəmiz tərəfindən Avropaya çıxış Rusiya üçün olduqca əlverişli məqama çevrilib. Rusiya üçün Azərbaycan bu siyasəti və komunikasiyaları həyata keçirmiş, konkret layihələri olan dövlətdir. 

Eyni zamanda iki ölkə arasındakı xoş, mehriban qonşuluq münasibətləri Rusiya və Azərbaycana iqtisadi sahədə bir sıra işlər həyata keçirməyə imkan verir. Bu nöqteyi- nəzərdən, Azərbaycan rəhbərliyinin apardığı tarazlı siyasəti nəzərə alsaq, Bakı-Moskva arasında bu istiqamətdə işlər dinamik olaraq artacaq. Və hər iki dövlət də bundan kifayət qədər mənfəət əldə edəcək”.

Kənan Eynuroğlu