"Rusiya Azərbaycanın ən böyük strateji siyasi və iqtisadi tərəfdaşlarından biridir. Siyasi çəkisini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycanın Rusiya ilə yaxınlığa ehtiyacı var”.
Bunu "Sherg.az”a açıqlamasında Altay Sosial- iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
İqtisadçı bildirib ki, Rusiya bizim yaxın qonşumuz olmaqdan əlavə dünyanın iki ən qüdrətli fövqəldövlətindən biridir:

"Rusiya BMT-nin Təhlükəsizlik Şurasında "veto” hüququ olan 5 dövlətdən biridir. Düşmənimiz olan Ermənistanın da təmsil olunduğu KTMT və Avrasiya İqtisadi Birliyində aparıcı ölkədir.
Belə bir dövləti öz tərəfimizə çəkmək siyasi maraqlarımız cəhətdən son dərəcə əhəmiyyətlidir. Son vaxtlar bu istiqamətdə xeyli irəliləyişlərin olması aydın görünür.
Dağlıq Qarabağ probleminin həllində Rusiyanın imkanlarının daha çox olduğu şübhəsizdir. Son illərdə Gürcüstan və Ermənistanla bağlı baş verən proseslər Rusiya üçün Azərbaycanın əhəmiyyətini daha da artırıb.
Moskva Qafqazda Azərbaycanı əsas müttəfiqi kimi görmək istəyir. Burada Rusiyanın Qarabağ məsələsinin həllində mövqeyi əsas rol oynayacaq. İqtisadi əməkdaşlığa gəldikdə, hələ inqilabdan qabaq və Sovet dövründə iki ölkənin iqtisadiyyatı bir-birinə sıx bağlı olub və qarşılıqlı əməkdaşlıq kontekstində inkişaf edib. Rusiya böyük sənaye, elm və texnologiya ölkəsidir.
Kosmik gəmidən, təyyarədən, atom elektrik stansiyasından tutmuş, məişət avadanlıqlarına, ərzaq və qeyri-ərzaq gündəlik tələbat mallarına, dərman pereparatlarına, tikinti materiallarınadək hər cür məhsul istehsal edir. Biz özümüz üçün vacib məhsulları oradan daha ucuz ala bilirik. Rusiya isə bizim kənd təsərrüfatı və aqrar sənaye məhsullarına, yüngül sənaye məhsullarına talibdir”.
İqtisadçıya görə, Azərbaycanda turizmin inkişafında rus turistlərin böyük payı var:
"Bu sahədə daha böyük potensiala sahibdirlər. Həmçinin, iki ölkə beynəlxalq nəqliyyat dəhlizləri və enerji layihələrində əməkdaşlıq edir. Şimal-Cənub nəqliyyat dəhlizi və neft-qaz sənayesindəki əməkdaşlıq yüksək səviyyədədir. Avtomobil sənayesi, maşınqayırma və elektrik avadanlıqları istehsalı, dərman sənayesindəndə də birgə müəssisələr yaratmaq perspektivləri var.
Siyasi və iqtisadi amillərdən başqa, sosial amillər də var. Rusiyada 3 milyonadək azərbaycanlı yaşayır, təhsil alır, işləyir. Bu həm də mədəni inteqrasiyanı gücləndirir. Bu və ya digər çoxsaylı amillər tələb edir ki, biz getdikcə Rusiya ilə siyasi və iqtisadi müttəfiqliyi gücləndirək.
Ona görə də, cənab prezidentin rəhbərliyi ilə dövlətimiz bütün qonşularla, xüsusən Rusiya ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Dövlət başçısının yeritdiyi siyasət həm regionda ölkəmizin nüfuzunu artırır, həm də Ermənistanı çətin vəziyyətdə qoyur”.
İsmayıl