"2019-cu ildə Rusiya bu dialoqu qorumaq üçün Azərbaycanı narahat edən məsələlərə münasibət bildirməlidir"
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib. Görüş zamanı ölkə başçısı bildirib ki, 2018-ci il Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından çox məhsuldar il olub:
"Azərbaycan və Rusiya beynəlxalq strukturlarda fəal qarşılıqlı fəaliyyət göstərir. Ümid edirik ki, 2019-cu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcək”.
Görüşü şərh edən politoloq İlqar Vəlizadə "Sherg.az”a bildirib ki, Sergey Lavrovun Bakıya səfəri Azərbaycan və Rusiyanın ikitərəfli hökumətlərarası komissiyasının Moskvadakı iclasına təsadüf edir:"Dekabrın 13-14-ü iki gün ərzində bu fonda 17-ci iclas keçirilib. Və orada iqtisadi, humanitar əməkdaşlıqla bağlı çox müham məsələlər müzakirə olunub. Bu il Rusiya və Azərbaycan arasında ikitərəfli əlaqələrdə dinamik temp müşahidə olunur. Rusiya bu tempi 2019-cu ildə davam etdirməyə maraqlıdır. Çünki Rusiyanın Cənubi Qafqaz ölkələri içərisində yalnız Azərbaycanla məhsuldar əlaqələri var. Ermənistanla Rusiyanın dialoqu çox pis vəziyyətdədir.
Gürcüstanla isə ümumiyyətlə, danışıqlar kəsilib. Yəni şimal qonşumuz regionda yalnız Azərbaycanla əlaqələrini inkişaf etdirir. Rusiya Azərbaycanla əlaqələrini möhkəmləndirdikcə Ermənistan narahat olmağa başlayır. Çünki Rusiya Azərbaycanı da itirsə, Cənubi Qafqazda bütün dayaqlarını əldən vermiş olur.
Ona görə də, 2019-cu ildə Rusiya bu dialoqu qorumaq üçün Azərbaycanı narahat edən məsələlərə münasibət bildirməlidir. Hətta son vaxtlar cənab Prezidentin belə bir ifadəsi var ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaxşı, münbit şərait yaranıb. Bu da onu göstərir ki, Rusiya Azərbaycanın məsələlərinə daha diqqətlə baxır. Eyni zamanda Avropa İttifaqı da Azərnaycana bu konteksdən yanaşır. Fikrimcə, Prezident İlham Əliyevlə Sergey Lavrovun görüşünü Azərbaycan-Rusiya arasındakı indiki əlaqələrin göstəricisi kimi qəbul etmək olar”.
Kənan Eynuroğlu