Rusiya və Türkiyədəki əməkçi miqrantlarımız geri qayıdır ?





Son aylarda qonşu ölkələr- Türkiyə və Rusiyaya qazanc arxasında yollanan azərbaycanlıların əksəriyyəti ölkəmizə qayıdır. Buna səbəb kimi  həmin ölkələrdə mövcud olan iqtisadi çətinlik, devalvasiya, infliyasiya və işsizlik problemləri göstərilir. Məhz ona görə də adıçəkilən ölkələrdə çalışan əməkçi miqrantlarımız ölkəmizə üz tutmağa məcbur qalıblar. Azərbaycanda işsizliyin tam aradan qaldırılmadığını nəzərə alsaq, şübhəsiz ki, bu vəziyyət cəmiyyətdə müəyyən narahatlıqlara səbəb olub. Ona görə ki, hər il adıçəkilən ölkələrdən Azərbaycana xeyli miqdarda vəsait göndərilirdi və bu da respublikamızda insanların sosial şəraitinə müsbət təsir göstərirdi.

Vəziyyəti "Sherg.az"a şərh edən "Turan” İnformasiya Agentliyinin iqtisadi şərhçisi Hafiz Babalı belə problem mövcud olmadığını düşünür. Onun sözlərinə görə, qonşu ölkələrə mövsümi işlərlə bağlı yollanan azərbaycanlılar, istirahət imkanlarından istifadə etmək, ailələrini və yaxınlarını görmək üçün ölkəyə qayıdırlar:

"Yay xarici ölkələrə, o cümlədən Rusiya və Türkiyəyə işləmək üçün gedən şəxslərin, ailələlərin vətənə istirahətə, qohumlarını yoxlamağa gəlmək imkanıdır. Görünür, bu il yayda vətənə üz tutanların sayında müəyyən artım dinamikası var. Bu isə "optik yanılmaya" səbəb olub. Düzdür, hər iki qonşu ölkədə indi müəyyən iqtisadi sıxıntılar var, amma bu həmin ölkələrdə müvəqqəti çalışan Azərbaycan vətəndaşlarının birdəfəlik geri qayıtması üçün yetərli əsas deyil.

İşçi qüvvəsi kimi xaricə üz tutmuş vətəndaşlarımızın Azərbaycana birdəfəlik geri qayıtmasını gözləmək doğru deyil. Bunun baş verməsi üçün Azərbaycanda yetərincə iqtisadi tərəqqi, fəaliyyət üçün bərabər imkanlar, siyasi, iqtisadi və sosial hüquqların qorunması üçün təminatlar olmalıdır”.

Aysel Aslan