"Rusiyanın Ermənistanı silahlandırması regionun təhlükəsizliyə təhdiddir" - Gərginliyi stimullaşdırır

Piter Teys: " İrəvanın silah və hərbi texnikanın toplanması istiqamətindəki mövqeyi sülh danışıqları üçün təhlükədir"
Fikrət Sadıqov: "Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir”.


Elxan Ələsgərov: "Moskva daha çox Ermənistanın maraqlarını müdafiə etməsi və onu silahlandırması işğalçılığın dəstəklənməsi, eləcə də beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozulması deməkdir"





Dağlıq Qarabağ münaqişəsinin həllində "vasitəçilik” missiyasını üzərinə götürən Rusiya növbəti dəfə işğalçı Ermənistana yardım edib. Hər fürsətdə "balanslaşdırma” bəhanəsi ilə təcavüzkar ölkəni silahlandıran Moskva növbəti dəfə Ermənistana hərbi texnika almaq üçün kredit ayırıb. 

Xatırladaq ki, 2015-ci il noyabrın 26-da imzalanmış sazişə əsasən, Rusiya Ermənistana müasir silah almaq üçün 200 milyon dollar kredit ayırmağı öhdəsinə götürüb. Oktyabrın 12-də Ermənistan hökuməti 100 milyon dollar məbləğində kreditin birinci hissəsinin alınmasını təsdiqləyib. Sazişə görə, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə ayrılır. 

Kredit müddətinin ilk 5 ili güzəştli olacaq. Bu dövr üçün faiz dərəcəsi illik 3 faiz təşkil edəcək. Həmin vəsaitə Ermənistanın "Smerç” reaktiv sistemləri, "İqla - S” zenit raket kompleksləri, "Avtobaza - M” radiotexniki kəşviyyat kompleksləri, TOC-1A "Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar alacaq. İctimaiyyət nümayəndələri Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşü ərəfəsində düşmən ölkə tərəfindən kreditin təsdiqlənməsini danışıqlar prosesini pozan təxribat adlandırıblar. Lakin məsələnin digər tərəfi də var. Rusiya Ermənistanı müasir silahlarla təchiz edir, təcavüzkar və işğalçı dövlətin hərbi potensialını gücləndirməyə çalışır. ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya öz öhdəliklərini pozur, münaqişə tərəflərinin birinə hərtərəfli yardım göstərməklə bitərəflik tələbinə əməl etmədiyini açıq göstərir. Şübhəsiz ki, Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində heç də bitərəf olmadığını və daha çox Ermənistanın maraqlarına uyğun hərəkət etdiyi aydın görünür. Son zamanlar bir sıra digər məsələlərdə də Rusiyanın nümayiş etdirdiyi mövqe anlaşılmazdır və Azərbaycanla olan münasibətlərin ruhuna ziddir. Məsələyə münasibət bildirən hər kəs birmənalı qeyd edir ki, Rusiyanın Ermənistanı silahlandırması işğalçılıq siyasətinin həvəsləndirilməsinə xidmət edir və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozur. Rusiyanın Ermənistanı silahlandırması regionda təhlükəsizliyi təhdid edir və gərginliyin daha da artmasını stimullaşdırır.

ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys bildirib ki, Ermənistan hökuməti tərəfindən müasir silahların alınması, şübhəsiz ki, Avropada sülhə və sabitliyə təhlükə yaradır. Ermənistan hökuməti tərəfindən Rusiyanın silah alınması üçün verdiyi 100 milyon dollarlıq kredit xəttinin təsdiqlənməsini şərh edən Teys qeyd edib ki, bu addım qoşunların təmas xəttində silahlı toqquşmalara səbəb ola bilər: 

"Həmin silah Azərbaycanın çox sayda dinc sakininin qətlinə gətirib çıxaracaq. Həmçinin Cənubi Qafqazda sosial-iqtisadi vəziyyəti pisləşdirəcək”. Ekspertin fikrincə, NATO-nun bu səssizliyi, həqiqətən də çox riyakarcasına görünür: 

"Biz xeyli sayda silah alan Avropa ölkəsi olan Ermənistanın Avropanın Şimali Koreyasına çevrildiyini müşahidə edirik və bu təhlükə NATO tərəfindən görülmür, pislənmir”. Teys bildirib ki, İrəvanın silah və hərbi texnikanın toplanması istiqamətindəki mövqeyi sülh danışıqları üçün təhlükədir:

"Bu, ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə daimi təhlükədir. Beynəlxalq ictimaiyyət səssizlik saxlayaraq və məşhur ikili standartlar düsturunu tətbiq etməyə davam edərək böyük səhv edir, bu da perspektivdə Brüsselin fəal şəkildə inkişaf etdirdiyi çoxtərəfli diplomatiyanın imic və etibarını daha da korlayacaq”.

 Ekspert əlavə edib ki, NATO-nun bu məsələ ilə bağlı susması qəbuledilməzdir. Teys növbəti rəsmi görüşün müsbət nəticə verəcəyinə inanmadığı bildirib. Onun sözlərinə görə, "beynəlxalq birlik tərəfindən zəif təzyiq Ermənistanın uzun illərdir saxladığı, hazırkı status-kvonun saxlanmasına kömək edir”.

Qərb Universitetinin professor, politoloq Fikrət Sadıqov deyib ki, Azərbaycan Rusiyadan silahı kommersiya əsasları ilə alır, Ermənistana isə bunun üçün güzəştli kreditlər ayrılır. Bu onu göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını pozur, düşmən ölkəyə hərbi, siyasi müttəfiqlik funksiyalarını yerinə yetirir”. Ekspertin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya belə məsələlərə ehtiyatla yanaşmalıdır: 

"Rusiya düşünülmüş addım atmalıdır. Çünki, həmsədr dövlət olaraq münaqişənin həllində vasitəçi kimi çıxış edir. Amma təəssüf ki, Rusiya Ermənistanı silahlandırmaqla görünür düşmən ölkəni Cənubi Qafqaz regionunda müəyyən səviyyədə saxlamağa çalışır. Ermənistanın silahlanması Azərbaycan üçün təhlükə mənbəyi ola bilməz. Çünki, ölkəmizin hərbi potensialı kifayət qədər güclüdür və Azərbaycan tək Rusiyadan deyil, digər ölkələrdən də daha müasir silahlar alır. Bir sözlə desək ölkəmizin bu sahədə gördüyü işlər daha nəhəng, irimiqyaslıdır. Lakin onu da qeyd edək ki, Rusiyanın Ermənistanı silahlandırması regionda təhlükəsizliyi təhdid edir və gərginliyin daha da artmasını stimullaşdırır. Çünki Ermənistan bir sıra dövlətlərə öz ərazi iddialarını dəfələrlə nümayiş etdirib. Düşmən ölkə indi də Azərbaycan, Türkiyə və Gürcüstana qarşı torpaq iddiasındadır. Bu baxımdan düşünürəm ki, təcavüzkar dövlət silahlandırılmamalıdır”. 

Politoloq vurğulayıb ki, hazırda əsas iş Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələsi olmalıdır: 

"Rusiya Ermənistanın uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxladığını çox yaxşı bilir. Belə olan halda, qonşu ölkə vasitəçi olaraq məhz bu istiqamətdə olan addımlarını artırmalıdır. Lakin Rusiya Ermənistanı silahlandırmaqla onu özünə güclü forposta çevirmək niyyətində olduğunu ortaya qoyur. Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir”.

Təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov da bildirib ki, Rusiya belə davam eləsə, Azərbaycan ondan üz döndərə bilər: 

"Rusiyanın Ermənistanı guya kredit adı ilə durmadan silahlandırması regionun təhlükəsizliyini sual altına qoyur və bölgədə gərginliyin daha da artmasına xidmət edir. Rusiyanın növbəti Ermənistana silah və hərbi texnika alınması üçün kredit ayırması əslində, Erməistanın uzunmüddətli silahlanması siyasətinin davamıdır. Rusiya durmadan yenə də Ermənistanı müasir silahlarla təchiz edir, təcavüzkar və işğalçı dövlətin hərbi potensialını gücləndirməyə çalışır. Bu göstərir ki, Rusiya heç də Dağlıq Qarabağ münaqişəsinin həllində bitərəf deyil. Moskva daha çox Ermənistanın maraqlarını müdafiə etməsi və onu silahlandırması işğalçılığın dəstəklənməsi, eləcə də beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozulması deməkdir".

Ekspert qeyd edib ki, təhlillərə əsasən, hazırda Ermənistan əhalisinin sayına görə, Avropada, bəlkədə dünyada ən çox hərbiləşdirilmiş ölkədir: 

"Ermənistanda iqtisadiyyat çökür, əhalinin sosial vəziyyəti bərbad gündədir, lakin buna baxmayaraq, orduya əlavə müasir silahlar alınır. Napoleon deyirdi ki, müharibə etmək üçün 3 şey lazımdır - pul, pul, yenə də pul. Azərbaycan ərazilərinin bir hissəsini işğal etmiş və faktiki olaraq Azərbaycanla müharibə şəraitində olan Ermənistanın isə belə maliyyə imkanları yoxdur. Ona görə də bunun üçün ilk növbədə Rusiyadakı erməni diasporunun, oliqarxlarının maliyyəsindən istifadə olunur. Bunun siyasi tərəfi odur ki, Ermənistan tam olaraq Rusiyanın tələblərinə uyğun hərəkət edir. Ermənistan iqtisadiyyatı, demək olar ki, Rusiyanın inhisarındadır. Bundan əlavə, Rusiya buradakı bütün hərbi strukturlara nüfuz edib, 49 illik müqaviləyə əsasən, Rusiyanın Ermənistandakı hərbi bazası da ermənilərin hesabına saxlanılır. Əvəzində isə silah alır". 

E.Ələsgərov hesab edir ki, Ermənstana silahlandırılması heç də bəzilərinin dediyi kimi, Türkiyəyə qarşı deyil, məhz Azərbaycana qarşı yönəlib: 

"Çünki Ermənistan Türkiyə ilə hərbi baxımdan qarşıdurmaya girə, onunla rəqabətə apara bilməz. Lakin bu silahlandırma Ermənistanı Azərbaycan torpaqlarını işğal altında saxlamağa şirnikləndirir. Ermənistanın bu cür silahlanmasına, Rusiyanın hərbi-siyasi dəstəyinə, eləcə də digər dövlətlərlə hərbi əlaqələrinə baxmayaraq, Azərbaycanın qarşısında tab gətirə bilməyəcək. Davamlı müharibə aparmaq üçün güclü iqtisadiyyata malik olmaq lazımdır. Azərbaycan isə bu məsələdə Ermənistanı xeyli üstələyir".

İsmayıl