Rusiyanın Qarabağla bağlı konkret təklifi yoxdur

"Moskva ATƏT-in Minsk Qrupunun indiki fəaliyyətini məqsədəuyğun sayır"



Yaxın zamanlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər etməyi planlaşdırır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. XİN rəsmisi bildirib ki, səfər zamanı onlar ölkələrin mövqeyini dəqiqləşdirmək və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin fəallaşması üçün hansı konkret addımların atılacağını müzakirə etmək niyyətindədir. Zaxarovaya görə, Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində mövqeyi hamıya yaxşı məlumdur: 

"Bu mövqe Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdə səsləndirdiyi, üç ölkənin xarici işlər nazirlərinin və həmsədrlərin bəyanatlarında əks olunub”.

Moskvanın münaqişəyə yanaşmasını "Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, rəsmi Bakı üçün konkret addımlar ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi və qaçqınlarımızın öz yurd-yuvalarına qayıtmasıdır: 

"Başqa məqamlar əhəmiyyətsiz hesab olunur. Həmsədrlərin nəzərdə tutduğu ikinci dərəcəli məsələlər torpaqlarımızın azadlığından sonra müzakirə mövzusu ola bilər. Yəni ilk etapda Dağlıq Qarabağın statusunu, bölgəyə sülhməramlı güclərin yerləşdirilməsini, yaxud təhlükəsizlik məsələsini müzakirə etmək qəbuledilməzdir. 

Bu baxımdan Moskva və ya digər həmsədrlər tərəfindən gündəmə gətirilən və onlara görə "önəmli” hesab edilən məqamları ciddi vədlər kimi dəyərləndirmə doğru deyil. Reallıq odur ki, Rusiyanın konkret təklifləri yoxdur. Moskva ATƏT-in Minsk Qrupunun indiki fəaliyyətini məqsədəuyğun sayır”.

İsmayıl