“Rusiyanın qondarma rejimin “rəhbəri”ni qəbul etməsi münaqişənin həllinə mənfi təsir göstərə bilər" - Deputat





Xəbər verdiyimiz ki, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri” Bako Saakyan Rusiya Federasiyasına səfər edib. Məsələyə dərhal reaksiya verən Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb. Bəyanatda bildirilib ki, qanunsuz separatçı rejim nümayəndəsinin Rusiya Federasiyasının ərazisinə daxil olmasına icazə verilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir. Və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir.

Qeyd edək ki, B.Saakyan Rusiyadan öncə Fransaya səfər edib və Fransa hökuməti də qondarma rejim "rəhbər"inə qapı açıb.

Məsələni şərh edən millət vəkili, politoloq Rasim Musabəyov "Sherg.az” bildirib ki, Rusiya Federasiyasının Azərbaycanın işğal işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri”nin səfərini qəbul etməsi xoşagəlməz bir vəziyyətdir:

"Rusiya Federasiyası qondarma rejimin "rəhbəri”ni öz ərazisinə buraxıbsa, Azərbaycan buna öz etirazını bildirməlidir. Və normal olaraq XİN öz iradlarını diqqətə çatdırıb. Çox təəssüflər olsun ki, bizim etirazlarımıza baxmayaraq Rusiya qondarma rejimin "rəhbəri”ni qəbul edib. Rusiyanın bu addımını düzgün qiymətləndirmirəm. Çünki Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərə bilər. XİN-in bəyanatda bildirdiklərini müsbət qiymətləndirirəm”.

Kənan Eynuroğlu