Rusiyaya qarşı yumşaq gücdən istifadə daha məqbuldur

“Məsələ ondadır ki, xarici siyasətdə manevr etmək imkanından məhrum olmaq Bakının maraqlarına ziddir”



Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili beynəlxalq tərəfdaşları Rusiyaya qarşı ümumi strategiya hazırlamağa çağırıb. Batumidə müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı keçirilən konfransda çıxış edən prezident beynəlxalq ictimaiyyəti Rusiyanın regionda aqressiv və təxribatçı siyasətinə cavab və reaksiya verəcək ümumi strategiya hazırlamağa çağırıb:

"Gəlin, Rusiyanın qonşularına qarşı siyasətinə aydın cavablar verəcək vahid strategiya yaradaq. Dünyanın üstün maraqlar sferalarına bölünməsi yalnız Rusiyanın qonşuları üçün deyil, dünya miqyasında da təhlükə yaradır”. Marqvelaşvili bildirib ki, üzləşdiyi problemlərə baxmayaraq, Gürcüstan dövləti məsuliyyətli beynəlxalq oyunçu kimi sabitlik və təhlükəsizliyi təmin edən beynəlxalq missiyalarda fəal iştirak edir. 

Gürcü rəhbərin çağırışı ilə bağlı "Şərq” danışan siyasi ekspert Azər Rəşidoğlu deyib ki, Tbilisi və digər postsovet ölkələrinin birbaşa Rusiyaya qarşı çıxmaq imkanı məhduddur. Politoloq vurğulayıb ki, Rusiya 2008-ci ildə Gürcüstanla münaqişədən sonra postsovet məkanındakı dondurulmuş münaqişələrin həllində fəallaşıb: 

"Kreml əvvəlcə Moldovanın ərazi bütövlüyünün təmin olunması şərti ilə Dnestryanı münaqişənin həllinə cəhd edib. Lakin bu alınmayanda Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığını artırıb. Bəziləri hesab edirlər ki, Azərbaycan Moskvanı qane edən məsələləri onun ixtiyarına versəydi, o zaman Qarabağ məsələsi çoxdan həll olunardı. 

Amma həmin məsələlərin tam həlli o deməkdir ki, Azərbaycan xarici siyasətdə seçim etməkdən imtina edir. Bununla paralel kommunikasiyalara, enerji dəhlizlərinə nəzarət də Rusiyanın maraq dairəsinə keçir. Məsələ ondadır ki, xarici siyasətdə manevr etmək imkanından məhrum olmaq Bakının maraqlarına ziddir. Tramp və Putin görüşündə də məsələ açıq qaldı. Bu baxımdan, Rusiyaya qarşı yumşaq gücdən istifadə daha məqbul variantdır”.

İsmayıl