Saakaşvili Gürcüstana qayıtmaqda israrlıdır

Ekspertlər isə bunu real hesab etmirlər



Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili növbəti bəyanatla çıxış edib. O, yaxın günlərdə Gürcüstana qayıdacağını deyib. Sabiq prezident bildirib ki, real təhlükəni yalnız iqtisadiyyatı və həyat səviyyəsini yüksəltməklə mümkündür:

"İndi mənə qarşı ittihamlar Gürcüstana qayıtmağı düşünməməyim üçün irəli sürülüb. Amma onlar istəklərinə nail ola bilməyəcək. Mən Gürcüstana gələcəm və öz komandamla bütün proqramları reallaşdıracağam. Gürcü xalqını bəlada qoymuram. Prezident seçkisindən sonra bu hakimiyyətə son qoyacağam”. Bəzi ekspertlərə görə, Ukraynada məqsədinə nail ola bilməyən Saakaşvilinin Gürcüstana qayıtmaq planı reallaşmayacaq. Ümumiyyətlə, hansısa ölkədə yenidən Saakaşvili dönəminin başlayacağı mümkün görünmür.

Eks-qubernatorun iddiaları ilə bağlı "Şərq”ə fikirlərini bölüşən siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov bildirib ki, Saakaşvilinin Gürcüstanın güclənməsində və islahatlarda oynadığı rol hamıya yaxşı məlumdur. Ekspertin fikrincə, Gürcüstanın indiki durumu məhz Saakaşvilinin sayəsində bərqərar olub: 

"Azərbaycan üçün də Saakaşvili müttəfiq və əlverişli dövlət başçısı idi. Burada söhbət regiondakı balansdan gedir. Gürcüstan Azərbaycan üçün vacib dövlətdir. Tiflisin Bakının müttəfiqi kimi qalması və Rusiyaya üz tutmaması çox önəmlidir. Bölgədə Gürcüstan-Ermənistan yaxınlaşması və yaxud qonşu dövlətin Ermənistan kimi hansısa ölkənin "qucağında oturması” bizim üçün arzuolunmazdır. 

Amma Saakaşvilinin Gürcüstana geri dönməsini real hesab etmirəm. Düşünmürəm ki, bu addımı atmaq üçün ona icazə verəcəklər. Çünki Saakaşvili qonşu dövlət üçün artıq arzuolunmaz siyasətçidir və əgər Gürcüstana geri dönərsə, indiki elita üçün vəziyyət xeyli gərginləşəcək”.

İsmayıl