...Saakaşvili ilə bağlı gizli görüşmələr...

"Görünür, Gürcüstan və Ukrayna rəsmiləri arasında Mixail Saakaşvili ilə bağlı gizli görüşmələr aparılıb”.
Bu sözləri "Sherg.az”a Gürcüstanın sabiq prezident Mixail Saakaşvili haqqında həbs qərarının verilməsindən danışarkən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu söyləyib. 
O qeyd edib ki, Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsində sabitliyin pozulmasının səbəbini Saakaşvilidə görür:
"Ona görə, prezident Saakaşvilini neytrallaşdırmaq haqqında düşünür. Bunun üçün ən rahat yol isə Saakaşvilinin ekstradisiyasını təmin etməkdir. Bunu birbaşa həyata keçirmək təhdiddir. Çünki Saakaşvilinin Ukraynada xeyli tərəfdarı var və hökumət kəskin reaksiyalarla qarşılaşa bilər. Münbit şərait yarana kimi ola bilsin Ukrayna prezidenti bu imkandan istifadə etsin.
Poroşenko ikinci prezidentliyə hazırlaşır. Hazırkı fəaliyyəti Saakaşvilini Ukrayna prezidenti etməsə belə, Poroşenkonun əsas rəqiblərinin mövqelərini gücləndirə bilər. Bu baxımdan yeganə yol Saakaşvilini Ukraynadan çıxarmaq, Gürcüstana ekstradisiya etməkdir.
Problem odur ki, sabiq prezidentin Gürcüstanda həbs edilməsi hazırkı ölkə rəhbərliyinə yaxşı heç nə vəd etmir. Çünki o həbsdə olsa belə fəaliyyətini davam etdirəcək, tərəfdarları vasitəsilə açıqlamalar yayacaq. Bu da Gürcüstan hakimiyyətinə başağrısı yarada bilər.
Bir fakt da var ki, Gürcüstanın indiki hakimiyyəti Rusiya ilə münasibətləri normallaşdırmağın yollarını axtarır. Onlar düşünürlər ki, Saakaşvilinin həbsi buna kömək edə bilər. Sabiq prezident Rusiya prezidenti Vladimir Putinin də əsas düşmənlərindən sayılır”.
Qeyd edək ki, sabiq Gürcüstan prezidenti Mixail Saakaşvili 3 il müddətinə azadlıqdan məhrum edilib. O bankir Sandro Qirqvlianinin qətliylə bağlı mühakimə olunub. Bundan başqa Saakaşvili vəzifə səlahiyyətlərini aşmaqda da günahkar bilinir.
Xatırladaq ki, məhkəmə onun barəsində qiyabi həbs qərarı çıxarıb.
Aysel Aslan