Saakaşvili uduzdu

“Gürcü Arzusu” öz arzusuna çatdı, Milli Hərəkat yenidən toplanırFikrət Sadıqov: “Saakaşvilinin dövründə həm daxili, həm də xarici siyasətdə kifayət qədər səhvlər buraxılıb”
Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri bəlli olub. Ölkənin Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin rəqəmlərə əsasən, hakim "Gürcü Arzusu” 48,61 faiz, müxalif Vahid Milli Hərəkat Partiyası isə 27,04 faiz səs toplayıb. Digər partiyalar isə 5 faizlik baryeri aşa bilməyiblər. Beynəlxalq GFK şirkətinin keçirdiyi "exit-poll”un nəticələri isə bir qədər fərqli olub.
Şirkətin yekun hesabatına görə, "Gürcü Arzusu” səslərin 39,9 faizini, Vahid Milli Hərəkat Partiyası isə 32,74 faizini toplayıb. Ümumiyyətlə, səsvermə günü gərgin keçib və bəzi məntəqələrdə qarşıdurma yaranıb. Əsasən azərbaycanlıların yaşadıqları bölgələrdə çoxsaylı pozuntuların qeydə alındığı bildirilir. İlkin nəticələrin açıqlanmasından sonra "Vahid Milli Hərəkat” Partiyasının rəhbərliyi məşvərətə toplaşıb və sonrakı addımları müzakirə ediblər. Partiyanın kütləvi etiraz aksiyalarına başlayacağı gözlənilir. Xatırladaq ki, seçki kampaniyası dövründə Saakaşvilinin partiyası olduqca izdihamlı mitinqlər keçirmişdi və partiyanın seçkilərdə qalib gələcəyinə dair əminlik formalaşmışdı. Saakaşvili isə elan etmişdi ki, nəticələr açıqlanan kimi Gürcüstana dönəcək. Lakin Saakaşvilinin revanşı baş tutmadı.
Gürcüstanın 34 seçki dairəsində 2-ci tur keçiriləcək
Seçkilərin ikinci turunda iştirak edəcək majoritar seçki dairələrinin adı məlum olub. MSK-nın məlumatına görə, ölkənin regiondakı 51 majoritar dairəsindən 34 dairəsində ikinci tur keçiriləcək. Həmin dairələrin 32-də "Gürcü Arzusu” və "Vahid Milli Hərəkat” partiyalarından irəli sürülən majoritar namizədlər iştirak edəcək. Digər iki dairədə isə "Gürcü Arzusu” və "Azad Demokratlar”, həmçinin "Sənayeçilər” tərəfindən irəli sürülən majoritar namizədlər deputatlıq uğrunda mübarizə aparacaq. Məlumat üçün deyək ki, seçkinin 1-ci turunda 17 majoritar seçki dairələrində seçkilər yekunlaşıb. Birinci turun siyahısına görə, azərbaycanlıların kompakt yaşadığı 31 nömrəli Qardabani, 35 nömrəli Marneuli, 33 nömrəli Bolnisi, 32 nömrəli Tetriskaro-Qardabani, 34 nömrəli Tsalqa-Dmanisi və digər majoritar seçki dairələrində seçkilər yekunlaşıb və səslər hesablanıb.
Saakaşvili seçkini uduzdu, etirazlar başladı
Hakim partiya vətəndaşların səsini qazandığını, müxalifət saxtakarlıq edildiyini iddia edir. Seçkidən sonra "Gürcü Arzusu” partiyasına məğlub olan Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat” partiyası MSK binasının qarşısında etiraz aksiyası keçirib. Müxalifət nümayəndələrinin bir qrupunun MSK rəhbəri ilə keçirdiyi görüşdən sonra aksiyaçılar dağılışıb. Etirazçılar və polis arasında qarşıdurma baş verməyib. "Vahid Milli Hərəkat” elan edib ki, seçkilər saxtalaşdırılıb, ona görə də nəticələrini tanımayacaqlar. "Milli Hərəkat”ın kampaniya rəhbəri və namizədi Nika Melia da bildirib ki, qələbə onların partiyasına aiddir: "Səslərimiz oğurlanıb, biz səslərimizi müdafiə edəcəyik. Bir neçə müxalif partiya da hökuməti kütləvi saxtakarlıqda ittiham ediblər. Demokratik Gürcüstan partiyasının lideri Nino Burcanadze seçkinin nəticələrini tanımayacağını söyləyib: "Partiya bu nəticələri tanımayacaq. Çünki seçkilər azad və ədalətli keçirilməyib”.
"Gürcü Arzusu” bayram edir
Seçkilərin ilkin nəticələri elan edilən kimi "Gürcü Arzusu” öz qələbəsini bayram edib. Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili müxalifətin seçki pozuntuları ilə bağlı iddialarına münasibət bildirib. O, aidiyyəti qurumlardan tələb edib ki, seçki dövründə baş verən insidentlər araşdırılsın: "Bu seçkilər yalnız 8 oktyabr səsvermə gününə görə qiymətləndirilməyəcək”. Baş nazir Georgi Kvirikaşvili və "Gürcü Arzusu” koalisiyasının yaradıcısı, keçmiş baş nazir Bidzina
İvanişvili də tərəfdarları qarşısında çıxış ediblər. Baş nazir Giorgi Kvirikaşvili Gürcüstan demokratiyasını tərəddüdsüz möhkəmləndirəcək azad və ədalətli seçkilərin baş tutduğunu deyib.
Gürcüstanda səsvermə zamanı 2 seçici ölüb
Batumidə 83 yaşlı kişi səs verib məntəqəni tərk etdikdən sonra qəfil vəziyyəti pisləşib və yerə yıxılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, yaşlı seçicinin həyatını xilas etmək mümkün olmayıb. Digər bir hadisə Kreli şəhərində baş verib. Seçki məntəqəsinin yaxınlığında yaşlı seçicinin halı pisləşib. O, xəstəxanaya aparılarkən yolda dünyasının dəyişib.
"Saakaşvili partiyasının qələbə qazanması mümkün deyildi”
Gürcüstandakı seçkilərlə bağlı ekspertlərin fikirləri müxtəlifdir. Xüsusilə hakim partiyanın qələbəsi ilə bağlı iddialar fərqlidir. Bəzi politoloqlar Rusiya amilinin və bəzi yerlərdə seçki günü baş verən saxtakarlıqların ümumi nəticələrə ciddi təsir etdiyini deyiblər. Təbii ki, bunun əksini söyləyənlər də var. Onlar səbəb kimi, hakim və müxalifət partiyası arasında səs faizinin kifayət qədər yüksək olduğunu əsas gətirərək "Gürcü Arzusu”nun qələbəsinin əvvəlcədən gözlənilən olduğunu bildirirlər. Politoloq Fikrət Sadıqov hesab edir ki, belə bir vəziyyətdə Saakaşvilinin partiyası parlamentdə təmsil olunacaqsa, bu özlüyündə o qədər də mənfi amil deyil. Ekspert bildirib ki, Saakaşvilinin dövründə həm daxili, həm də xarici siyasətdə kifayət qədər səhvlər buraxılıb: "Bir sıra siyasi qüvvələr daxildə ona qarşı çıxış etməyə başladılar. Çünki Saakaşvilinin dövründə bir sıra məsələlər öz həllini tapmayıb. Vaxtilə Abxaziya və Cənubi Osetiya Rusiya tərəfindən işğal olundu. Gürcüstanda bu işğalın günahkarı kimi Saakaşvilini görürlər. Ona görə də Saakaşvili partiyasının qələbə qazanması mümkün deyildi. Hazırda Gürcüstan yeni bir istiqamət götürüb. Rusiya ilə münasibətlərini bərpa etmək istəyir, eyni zamanda NATO və Avropa Birliyi istiqamətindən uzaqlaşmır və irəliləyir. Gürcüstan seçicisi məhz buna görə, "Gürcü Arzusu” Partiyasına "hə” dedi. Saakaşvilinin partiyası müəyyən mənada məğlubiyyət ilə üzləşməli idi”.
İsmayıl