Saakaşvilinin Gürcüstanda 40 faiz sabit elektoratı var

Ukraynada qazandığı populyarlıqla bu dəstək daha da arta bilər
“Əgər ABŞ-da Ukrayna kuratorları onu yenidən oyunda saxlamaq istəsələr, buna heç kim mane ola bilməyəcək”




Tbilisi məhkəməsi hazırda Ukraynada yaşayan Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Sabiq prezident bankir Sandro Qirqvlianinin qətlində günahlandırılan şəxslərin qanunsuz olaraq azadlığa buraxılmasında təqsirli bilinib. İttihama görə, Saakaşvili Konstitusiya Təhlükəsizliyi İdarəsinin ovaxtkı rəisi Date Axalya ilə qanunsuz əlaqəyə girərək, cinayətkarları azadlığa buraxdırıb.

Ali Radanın deputatı İqor Mosiyçuk deyib ki, Tbilisi şəhər məhkəməsinin həbs qərarı Saakaşvilinin dərhal Gürcüstana deportasiya olunmasına şərait yaradır.
Barəsində çıxarılmış həbs qərarına münasibət bildirən Gürcüstanın sabiq prezidenti Saakaşvili məhkəmənin hökmünü qanunsuz adlandırıb. Eks-qubernator gürcü hakimiyyətinin 5 il ərzində onun barəsində nə korrupsiya, nə də digər qanun pozuntuları ilə bağlı heç bir əhəmiyyətli sübut tapmadığını bildirib: "Gürcüstan məhkəməsinin barəmdə qəbul etdiyi qərar bütün beynəlxalq və milli normalara, sağlam düşüncəyə ziddir. Mən prezident kimi əfv etmək hüququndan istifadə etmişəm”. Məlumdur ki, son aylar Saakaşvilinin başı Ukraynada məhkəmə çəkişmələrindən qurtulmur. Belə məqamda Gürcüstan məhkəməsinin də işə düşməsi nədən xəbər verir?

Prosesləri "Şərq”ə şərh edən siyasi-ekspert Zaur İbrahimli deyib ki, Mixail Saakaşvili ilə bağlı baş verənlərə sırf formal-hüquqi baxımdan yanaşmaq düzgün olmazdı. 

Onun sözlərinə görə, Saakaşvilinin Ukrayna vətəndaşlığına qəbul edilməsi və daha sonra çıxarılması siyasi proseslər kontekstindən dəyərləndirilməlidir:

"Prezident Poroşenko tərəfindən Saakaşviliyə Ukrayna vətəndaşlığı veriləndə, Odessa qubernatoru təyin olunanda Gürcüstanda keçmiş prezidentə qarşı cinayət təqibinin başlaması nəzərə alınmamışdı. Çünki eks-prezident Saakaşvili Prezident Poroşenkonun müttəfiqi kimi çıxış edirdi. O zaman Kiyevə Saakaşvili ilə birgə onun komandasının digər üzvləri də gəldi və hökumətdə müxtəlif vəzifələr aldılar. Hətta bu şəxslərlə bağlı Gürcüstan hüquq-mühafizə orqanları araşdırma aparırdı. Lakin onların "arzuolunmaz şəxs” olmaları Prezident Poroşenkonun onları himayəyə götürməsinə mane olmadı. İndi isə Saakaşvili özünü Poroşenkonun əsas opponenti kimi təqdim edir. Saakaşvilinin Ukraynanın dövlət başçısı seçilməsi çox problemli görünsə də, Poroşenkonun ikinci müddətə seçilməsinə ciddi mane ola bilər. Saakaşvilinin siyasi bioqrafiyası göstərir ki, o minimum resurslarla ciddi rezonans yarada bilən, siyasi proseslərə yön verən liderlərdəndir. Məhz bu səbəbdən Poroşenko və onun komandası Saakaşvilinin siyasi fəaliyyətinin məhdudlaşdırılması üçün hüquqi mexanizmlərdən istifadə edir”.
Ekspertin fikrincə, Tbilisidə narahatlıq yaradan amil Ukraynada populyarlıq qazanan Saakaşvilinin Gürcüstanda baş verənlərə əhəmiyyətli dərəcədə təsir imkanlarının olması ehtimalıdır: "Sirr deyil ki, növbəti ildə seçki proseslərində Saakaşvili Ukryanada əsas siyasi liderlərdən birinə çevrilərsə, Gürcüstanda bunun əks-sədasını görə bilərik. Ötən seçkilər göstərir ki, Saakaşvilinin Gürcüstanda sabit 30-40 faiz elektoratı var. 

Ukraynada qazandığı populyarlıqla bu dəstək daha da arta bilər. Bu baxımdan, Gürcüstanı qeyri-rəsmi idarə edən İvanişvilinin komandası indidən preventiv addımlar atmağa başlayıb. Saakaşvilinin aqibəti isə Vaşinqtonda verilən qərarlardan asılı olacaq. Əgər ABŞ-da Ukrayna kuratorları onu yenidən oyunda saxlamaq istəsələr, buna heç kim mane ola bilməyəcək. Hələ ki, Saakaşviliyə dəstək hiss olunur. Bu dəstəyin hansı formada davam edəcəyini, ona hansı rol ayrıldığını isə yaxın aylarda tam görə biləcəyik”.


"Görünür Ukrayna və Gürcüstan rəsmiləri bir araya gəliblər”

"Görünür, Gürcüstan və Ukrayna rəsmiləri arasında Mixail Saakaşvili ilə bağlı gizli görüşmələr aparılıb”. Bu sözləri isə "Sherg.az”a "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu söyləyib. O qeyd edib ki, Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsində sabitliyin pozulmasının səbəbini Saakaşvilidə görür: "Ona görə, prezident Saakaşvilini neytrallaşdırmaq haqqında düşünür. Bunun üçün ən rahat yol isə Saakaşvilinin ekstradisiyasını təmin etməkdir. Bunu birbaşa həyata keçirmək təhdiddir. Çünki Saakaşvilinin Ukraynada xeyli tərəfdarı var və hökumət kəskin reaksiyalarla qarşılaşa bilər. 

Münbit şərait yarana kimi ola bilsin Ukrayna prezidenti bu imkandan istifadə etsin. Poroşenko ikinci prezidentliyə hazırlaşır. Hazırkı fəaliyyəti Saakaşvilini Ukrayna prezidenti etməsə belə, Poroşenkonun əsas rəqiblərinin mövqelərini gücləndirə bilər. Bu baxımdan yeganə yol Saakaşvilini Ukraynadan çıxarmaq, Gürcüstana ekstradisiya etməkdir. Problem odur ki, sabiq prezidentin Gürcüstanda həbs edilməsi hazırkı ölkə rəhbərliyinə yaxşı heç nə vəd etmir. Çünki o həbsdə olsa belə fəaliyyətini davam etdirəcək, tərəfdarları vasitəsilə açıqlamalar yayacaq. Bu da Gürcüstan hakimiyyətinə başağrısı yarada bilər. Bir fakt da var ki, Gürcüstanın indiki hakimiyyəti Rusiya ilə münasibətləri normallaşdırmağın yollarını axtarır. Onlar düşünürlər ki, Saakaşvilinin həbsi buna kömək edə bilər. Sabiq prezident Rusiya prezidenti Vladimir Putinin də əsas düşmənlərindən sayılır”.

İsmayıl