Vahid Milli Hərəkat Partiyasının liderləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ilə görüşüblər. Görüş Kiyevdə baş tutub. Tərəflər görüş zamanı partiyanın yanvarın 20-də keçiriləcək qurultayını və gələcək üçün planlarını müzakirə ediblər. Xatırladaq ki, son günlər Saakaşvilinin partiyasını tərk edən siyasi liderlərin sayı artıb.
Partiyadan gedənlər bu addımı qurumun rəhbərliyində Saakaşvilinin qalmasını istəmədikləri üçün atdıqlarını bildiriblər. Partiyanı tərk edənlər sırasında Giqa Bokeriya və David Bakradze kimi məşhur şəxslər də var. Saakaşvili bu prosesi milyarder Bidzina İvanişvilinin oyunu adlandırıb.
Partiyanı tərk edənlər Avropa Gürcüstanı Partiyası yaradıblar. Məlumat üçün deyək ki, Gürcüstanın sabiq prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili yöndəmsiz geyimdə Nyu-York aeroportunda görünüb. Siyasətçinin aeroportdakı görüntülərini yayan "life.ru” saytı Saakaşvilinin son dərəcə çaşqın və narazı olduğuna diqqət çəkib. Onun ABŞ-a hansı məqsədlə getdiyi məlum deyil. Amma saytın iddiasına görə, Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp sabiq qubernatoru öz komandasına dəvət edib.
Digər saytın yazdığına görə isə Saakaşvili Trampın inaqurasiya mərasimində iştirak etmək üçün Amerikaya yollanıb. Ümumiyyətlə, son dönəmlər eks-prezidentlə bağlı müxtəlif iddialar yayılmaqdadır. Bir sıra ekspertlər Ukraynadakı vəzifəsini itirən və Gürcüstandakı məğlubiyyətdən sonra Vətənə qayıtmaq şansını əldən verən Saakaşvilinin yenidən Qərbə üz tutacağını deyirlər. Hətta bəziləri Saakaşvilinin xarizma problemi yaşadığını, siyasi nüfuzunu itirdiyini və bundan sonra elmi fəaliyyətlə məşğul olacağını iddia edirlər.
İddiaları "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, Saakaşvili çox iradəli, enerjili və mübariz adamdır. Ona görə də, onun siyasətdən gedəcəyini söyləmək çox çətindir:
"Saakaşvili Ukraynada "Yeni Ruh Hərəkatı”nı yaratdı və fəaliyyətini davam etdirəcəyini bəyan etdi. Ondan sonra ölkədəki bərbad vəziyyətə görə birbaşa prezident Poroşenkonu suçlamağa başladı. Hətta rəhbərlik əleyhinə çox sərt ifadələr işlətdi, prezidenti oğru və dələduz adlandırdı. Poroşenko da öz növbəsində Saakaşviliyə qarşı ağır ittihamlar səsləndirdi və ondan Ukraynanı tərk etməsini tələb etdi. Ancaq Saakaşvilinin Ukraynadan çıxması nə Poroşenkonun tələbi, nə də ki Gürcüstandakı seçki məğlubiyyəti ilə bağlıdır. Sabiq prezident Amerikaya yüksək səviyyəli siyasət adamları ilə görüşmək üçün yollanıb”.
Politoloq bildirib ki, Saakaşvilinin keyfini pozacaq hər hansı durum yoxdur:
"Saakaşvilinin Nyu-York aeroportundakı video görüntüsünə baxmışam. Həmin videoda eks-prezident sadə idman formasında və yüngül yük çantası ilə görüntülənib. Onun qaş-qabaqlı və ya dilxor vəziyyətdə olması isə tamamilə Rusiya mediasının uydurmasıdır. Saakaşvili beynəlxalq aeroportda tullanıb-düşüb, oynayası deyildi ki?! Saakaşvilinin ABŞ-da qalıb, elmi fəaliyyətlə məşğul olacağına da inanmıram. Eks-prezidentin siyasi fəaliyyəti davam edəcək. Nəzərə almaq lazımdır ki, Gürcüstanda onun partiyasından yalnız bir neçə deputat gedib. Məncə, onlar da İvanişvilinin təsir dairəsinə düşmüş adamlar olub.
Saakaşviliyə sadiq olanların çoxu, o cümlədən azərbaycanlı deputat Azər Selymanov keçmiş prezidentin partiyasında qalmağı üstün tutublar”. Q.Hüseynlinin sözlərinə görə, Vahid Milli Hərəkat Partiyası əvvəlkindən daha güclü olacaq:
"Çünki gürcü xalqı satqınları və dönükləri sərt şəkildə cəzalandırır. Saakaşvilinin Gürcüstandakı dayaqları laxlamayıb, hələ möhkəmdir. Hətta iddia edirlər ki, Trampın dövründə Saakaşvili Ukraynanın yeni lideri kimi yetişdiriləcək. Böyük ehtimalla Saakaşvili Poroşenkonun yerinə gələ bilər. Sabiq qubernatorun siyasi perspektivləri hələ qabaqdadır”.
İsmayıl