Sabah manatın devalvasiyası olacaq? - AÇIQLAMA

Vüqar Bayramov: "Şənbə günü olmasına baxmayaraq bir sıra banklara iş başında olmaları göstərişi verilib"


"Bu gün çoxlu sayda vətəndaşlarımız mənə müraciət edərək sabah manatın yenidən devalvasiya edib-etməyəcəyini soruşurlar. Səbəb isə sabah şənbə günü olmasına baxmayaraq bir sıra banklara iş başında olmaları göstərişidir. Konkret olaraq, sabah devalvasiya olacaqmı? Cavab Mərkəzi Bankdadır". 

 Bu barədə "Sherg.az"a iqtisadçı- ekspert Vüqar Bayramov bildirib.  Onun sözlərinə görə,  Mərkəzi Bankın gün ərzində qısa zamanda bu məsələyə rəsmi aydınlıq gətirməsinə ehtiyac var: 

"Mərkəzi Bank nəinki sabah, ümumiyyətlə növbəti dövrdə və aylarda kursun necə dəyişməsi ilə bağlı öz gözləntilərini vətəndaşlar ilə daimi bölüşməlidir. Makro-iqtisadi göstəricilərə və eləcə də tədiyyə balansındakı saldoya əsaslansaq yeni potensial devalvasiya səbəbi izah edilən deyil. Təbii ki, məzənnə ilə bağlı rəsmi qərarı Mərkəzi Bank qəbul etdiyi üçün sabah və ya başqa hər hansı gün devalvasiyanın olub-olmadığı söyləmək nəinki çətindir, hətta valyuta bazarındakı indiki mövcud tənzimləmə ilə bunu proqnozlaşdırmaq heç mümkün də deyil. Proqnozlaşdırıla bilən xarici valuyataya tələbin necə deyişməsidir. Biz avqust ayında dollara tələbin artacağını öncədən proqnozlaşdırırdıq və bu da baş verdi. Dövlət Neft Fondu iyulda hərraclarda 253,2 milyon manat satmışdısa, avqustda 292,6 milyon manat xərclədi. Bu isə o deməkdir ki, dollara tələb avqustda iyula nisbətən 15 faizdən çox yüksəlib. İlin sonuna doğru dollara tələbin artacağı gözləniləndir. Bunun məzənnəyə necə təsir edəcəyi isə yenə də birbaşa Mərkəzi Bankın səlahiyyətində olaraq qalmaqdadır".

Ayyət ƏHMƏD