Sabiq nazir ETRAZ ETDİ: "Gənclərin kitabları pul verib oxuması absurddur"




"Gənc alimlərə kitabxanadan pulsuz istifadə etməyə şərait yaratmaq AMEA-nın borcudur".

Bu sözləri Sherg.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxananın oxucu biletinin qiymətini 5 manatdan 100 manata qaldırmasına münasibət bildirərkən, sabiq təhsil naziri, filologioya elmləri doktoru Firudin Cəlilov deyib. 

Professorun sözlərinə görə, akademiya özü bu prosesdə maraqlı olmalıdır:

"AMEA Mərkəzi Elmi Kitabxanasında gənclərin, alimlərin kitabları pul verib oxuması absurddur.
Kitabxananın zənginliyi onun kitablarının çoxluğu ilə ölçülmür. İndi hər yerindən qalxan elmlə əlaqəsi olmayan şəxslər mənasız kitablar yazır. O kitabları yığıb, kitabxanaya doldurmağın da xeyri yoxdur. Kitabxananın zənginliyi oradakı kitabların dəyəri ilə müəyyən edilir. Mənim evdəki kitabxanamda məsələn elə kitablar var idi ki, heç bir yerdə yox idi. 

Hətta Türkiyədən özəl olaraq gəlib, həmin kitabların üzünü çıxarırdılar. Mən həmin kitablarımı Elmlər Akademiyasına, Bakı Dövlət Universitetinin kitabxanasına bağışladım. Gəlin, belə danışaq ki, deməli, mənim Mərkəzi Elmi Kitabxanaya verdiyim həmin kitabları alimlər, gənclər, ziyalılar gəlib pulla oxumalıdır? Ona görə də, bu ideya, qiymət artımı kimin ağlına gəlibsə, çox xoşagəlməz haldır”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası kənar şəxslər üçün oxucu biletinin qiymətini 5 manatdan 100 manata qaldırıb. Bu artım sosial şəbəkələrdə ciddi müzakirələr yaradıb.

Aysel Aslan