Sabir Rüstəmxanlıdan ETİRAZ: "Rusiya buna yol verməməlidir”




"Rusiya ermənilərin qondarma "Dağlıq Qarabağ Respublikası”nı təmsil etməyə icazə verməməlidir”.

Bunu Sherg.az-a qondarma "Dağlıq Qarabağ Respublikası”nı təmsil edən "Duz və çörəklə” KVN komandasının Moskvada çıxışına münasibət bildirərkən xalq şairi Sabir Rüstəmxanlı deyib. 

O, belə təbliğatçı tədbirləri Rusiyadakı güclü Erməni lobbisinin fəaliyyəti ilə əlaqələndirir:

"Rusiyanın bütün mədəniyyət və iqtisadi strukturlarında, dövlət orqanlarında ermənilər təmsil olunur. Onlar şəxsi tanışlıqlarından, imtiyazlarından istifadə edərək, qondarma "Dağlıq Qarabağ Respublikası” ilə bağlı qeyri-qanuni, beynəlxalq hüquqa zidd təbliğatlar aparırlar. Ermənilərin bu təbliğatı belə başlayır ki, keçmişdə Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtar vilayət olub. Guya onlar da erməni icması kimi çıxış edirlər. Amma sonradan bunu genişləndirib, qondarma "Dağlıq Qarabağ Respublikası”nı təbliğ etməyə başlayırlar. Hesab edirəm ki, bu hal yolverilməzdir. Azərbaycanın Rusiyadakı səfirliyi ciddi tədbirlər görməlidir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə buna yol verməməlidir”.

Qeyd edək ki, erməni KVN komandası fevralın 16-da baş tutacaq "Moskva və Moskva vilayəti Liqası Festivalı”na dəvət alıblar.

Aysel Aslan