“Sabitlik və təhlükəsizlik Azərbaycanın qlobal mərkəzə çevrilməsinə zəmin yaradıb” – Baş redaktor

Mayın 29-da Avropa Liqasının final oyunu ölkəmizdə uğurla həyata keçdi. Məlumdur ki, Azərbaycan dəfələrlə qlobal yarışlara ev sahibliyi edib.
Ölkəmizdə istər təşkilatçılıq qabiliyyətinin, istərsə də təhlükəsizliyin yüksək səviyyədə olması Azərbaycanın sabit ölkə olduğunu göstərir. Bütün bunlar prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də "Sherg.az”a açıqlamasında qeyd edib ki, yalnız Avropa Liqasının final oyunu deyil, bundan öncə də keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan gücünü və potensialını göstərib:
"İndiki şəraitdə yaxın keçmişə səyahət etsək və ölkənin hansı vəziyyətə gəldiyinə diqqət yetirsək, çox önəmli bir məsafənin qət edildiyinin şahidi olarıq. Əlbəttə, Azərbaycanın inkişafı ümummili lider Heydər Əliyevin dövründən başlayıb. 
Azərbaycanın daha da inkişaf etməsi, ölkəmizin mövqelərinin möhkəmlənməsinin şahidi oluruq. Azərbaycanın enerji dəhlizinə çevrilməsi cənab prezidentin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Müasir dünyada kifayət qədər ciddi problemlərin baş verdiyi bir zamanda ölkəmizin qısa müddət ərzində inkişaf etməsi idarəçilik qabiliyyətinin yüksək səviyyədə olduğunu göstərir”.
E.Mirzəbəyli bildirib ki, ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizlik Azərbaycanın qlobal mərkəzə çevrilməsinə zəmin yaradıb:
"Ölkəmizin beynəlxalq və humanitar tədbirlərə ev sahibliyi etməsini də xüsusi olaraq xatırlatmaq lazımdır. Azərbaycanın təhlükəsiz ölkə kimi seçilməsi bir neçə aspektdən qiymətləndirilə bilər. Çünki ölkəmizdə sabitlik mövcuddur, bu, digər dövlətlər üçün də mühüm əhəmiyyət daşıyır. Ölkə başçısının beynəlxalq nüfuzu, dövlətin öhdəliklərinə sadiq qalması prinsipi də vacibdir. 
Digər tərəfdən Azərbaycanın qlobal proseslərdə oynadığı rol olduqca əhəmiyyətlidir. Buna görə də ölkəmizin əldə etdiyi nəticələrə diqqət yetirsək, bunun çox asanlıqla başa gəlmədiyini, çətin bir proses olduğunu görərik. Əldə etdiyimiz uğurlar siyasi liderimizin uzaqgörənliyini ortaya qoyur və ölkəmiz üçün yeni perspektivlər açır”.
Yeganə Bayramova