"Şahbazın erməni həkimi ilə əlaqə..." - BACISI DANIŞIR




"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Şahbazın səhhəti ilə bağlı əlavə məlumat vermədi”.

Bunu "Sherg.az”a öz əzəli və əbədi torpağımız olan Kəlbəcərdə yaxınlarının məzarını ziyarət edərkən erməni separatçıları tərəfindən girov götürülən Şahbaz Quliyevin bacısı İradə Quliyeva bildirib. 

Onun sözlərinə görə, şahbazın ailəsinə və yaxınlarına həkimin sözlərindən başqa xəbər çatdırılmayıb:

"Deyirlər ki, guya indi Şahbazın səhhəti yaxşıdır. Qorxulu bir şey yoxdur. Müalicə olunur. BQXK-nın həkimi Şahbazın erməni həkimi ilə əlaqə saxlayır. Xəbərlər eynidir, yeni bir şey deyilmir.

Görüş keçiriləndən sonra mən özüm də komitəyə getdim. Əməkdaşlarla danışıb, Şahbazın vəziyyəti ilə bağlı məlumat aldıq. Növbəti dəfə girovlarımızın yanına nə vaxt gedəcəklər bilinmir. Vəziyyəti barədə maraqlansaq da, BQXK hər dəqiqə bizə cavab vermir. Ola bilər ki, 10-15 gün sonra yenidən əlaqə saxlayaq, Şahbazın vəziyyəti barədə xəbər verəcəklər”.

Qeyd edək ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş. Quliyevi isə 22 il müddətinə "azadlıqdan məhrum” edib. Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə saxlanılır.

Aysel Aslan