Sakinlər şikayət etməkdə haqlıdırlar







Ermənistana gedən bütün avtobuslar, yük maşınları və fərdi avtomobillər bu kənddən keçir

Dekabrın 31-də Yeni ili qeyd etmək üçün Tbilisiyə gedən Sadaxlı kənd sakinlərinin olduğu "Lada” markalı avtomobil Rusiyadan Ermənistana gedən "Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə "Lada”dakı azərbaycanlı sürücü və sərnişinlərin hamısı dünyasını dəyişib. "Mercedes”də olanlar isə ciddi xəsarət almayıblar. Dünyasını dəyişən 5 nəfər azərbaycanlı gənc vaxtı ilə eyni sinifdə oxuyublar. Vəfat edənlər Sadaxlı kəndində dəfn olunublar. Dəfn mərasimində ətraf kəndlərin sakinləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin ikinci katibi Fəxri Hacıyev və digər şəxslər iştirak ediblər. F.Hacıyev Azərbaycan hökuməti adından həlak olanların ailələrinə başsağlığı verib, səbr diləyib. Kənd sakinləri bildiriblər ki, son illər həm Sadaxlıdan, həm də qonşu kəndlərdən Ermənistana uzanan magistral yolda Ermənistan vətəndaşlarının sürət həddini aşması nəticəsində tez-tez yol-qəza hadisəsi baş verib. Sakinlərin sözlərinə görə, magistral yol boyu yerləşən kəndlər arasından keçən yola tramplin qoymağın vaxtı çoxdan çatıb: 

"Gürcüstan hökuməti və yol departamenti bu vacib məsələni tezliklə həll etməlidir. Ermənistana gedən istər avtobuslar, istərsə də yük və minik maşınları azərbaycanlıların kompakt yaşadığı kəndlərdə sürətlə hərəkət edirlər. Son 5-6 il Sadaxlı, eləcə də Yuxarı Saral kəndlərində avtomobillərin sürətli hərəkəti nəticəsində neçə-neçə kənd sakinləri yol-qəza hadisəsi nəticəsində həlak olublar, neçə gənc əlil qalıb. Düşünürük ki, bu vacib məsələ ilə əlaqədar təşkilatların diqqəti və həyata keçirəcəkləri əməli tədbirlər tezliklə həll olunacaq”.

Vurğulanan məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Borçalıdan olan ictimai-siyasi xadim Zəlimxan Məmmədli deyib ki, qəzanın törədilməsində başqa məqamların olub-olmamasını istintaq orqanları müəyyən etməlidir. Onun sözlərinə görə, artıq hadisə ilə bağlı cinayət işi açılıb:

"Sadaxlı kəndi tranzit ərazi sayılır. Ermənistana gedən bütün avtobuslar, yük maşınları və fərdi avtomobillər bu kənddən keçir. Dəfələrlə magistral yolun kənddən kənarda çəkilməsi təklifi ilə çıxış etmişik ki, gələcəkdə belə faciəli qəzalar baş verməsin. Sadaxlı böyük kənddir, 20 mindən çox əhalisi, iki böyük məktəbi var. Belə bir kəndin içindən magistral yolun keçməsini doğru hesab etmirik. Kəndin kənarında sürət həddi müəyyən edilmiş yeni bir yolun salınması daha məqsədəuyğun olar. Sakinlər şikayət etməkdə haqlıdır. Mən özüm həmin yolda olmuşam. 

Asfalt yol ona görə çəkilmir ki, sürücülər maşınlarını yüksək sürətlə idarə etsinlər. Təəssüflər olsun ki, bəzən soydaşlarımız da sürət həddinə məhəl qoymurlar, yolda şou göstərirlər. Ona görə də məsələnin siyasiləşdirilməsinin və başqa tərəflərə çəkilməsinin doğru olmadığını düşünürəm. Problemdən qurtulmaq üçün ən optimal variant kənddən kənarda yeni yolun çəkilməsidir. Gürcüstanın dövlət strukturları və bizim əlaqədar qurumlarımız bununla maraqlanmalıdır”.

İsmayıl