Hökumət əleyhinə etirazlar konkret siyasi hədəfinə çata bilər
Erməni deputat Lena Nazaryan aprelin 13-də Ermənistanda bir sutka fasiləsiz davam edəcək mitinq keçiriləcəyini bəyan edib. Onun sözlərinə görə, "11 gün əvvəl "Çıxış” fraksiyasının başçısı Nikol Paşinyan "Mənim addımım” yürüşünə başlayıb. Bu aksiyaya yüzlərlə tərəfdar və vətəndaş təşəbbüsünün iştirakçısı qoşulub.
Yürüş Gümrüdən başlayıb. İştirakçılar 195 km uzunluğunda, 300 min addımlıq yolu qət edərək, Respublika meydanınadək gələcəklər. Aprelin 13-də saat 18:30-da gecə-gündüz mitinqi başlayacaq. Mitinqin hədəfi parlamentin bütün çıxışlarını bağlamaq üçün yetərincə adam toplamaq və deputatların Serj Sarkisyanın baş nazir olması üçün səs verməsinin qarşısını almaqdır. Əgər Serj Sarkisyanın seçilməsi üçün parlamentin iclası iki dəfə pozularsa, o zaman parlament buraxılacaq və məclisə yeni seçkilər təyin olunacaq”. O, ölkə vətəndaşlarını mühacirətə, durğunluğa qarşı addım atmaq üçün "Azadlıq” meydanında keçiriləcək mitinqə qatılmağa çağırıb.
Politoloq Natiq Miri isə "Şərq”ə açıqlamasında nəzəri olaraq hökumət əleyhinə etirazların konkret siyasi hədəfə çata biləcəyinin mümkün olduğunu deyib. Bir şərtlə ki, mütləq mənada yüzminlərlə ictimaiyyət nümayəndəsi etiraz dalğasına qoşulmalı və hədə-qorxular qarşısında duruş gətirməlidir:
"Bu gün Ermənistanda mövcud olan ən böyük problem də məhz bundan ibarətdir. Ermənistanda fəaliyyət göstərən heç bir siyasi güc mərkəzi erməni toplumundan birmənalı dəstək ala bilmir. Parlament iclaslarının boykot edilməsi üçün yetərli qədər ictimaiyyət nümayəndəsinin etiraz mitinqlərinə çıxması və dirəniş göstərməsini bəri başdan proqnozlaşdırmaq çox çətindir. Erməni toplumunda nə hakimiyyətdə olan Sarkisyan xuntasına, nə də satqın mövqe sərgiləyən digər güc mərkəzlərinə inam qalıb. Üstəlik də Qərb dünyası və Rusiya da həmin güc mərkəzlərinə ciddi dəstək vermir. Belə bir dəstək olmadığı təqdirdə erməni cəmiyyətini aktivləşdirərək küçələrdə kütləvi aksiyalar keçirmək problematik görünür.
Düzdür, narazı kütlə üçün bir qığılcım belə yetər ki, ölkəni alov meydanına çevirsinlər. Hansısa baş verəcək bir hadisə erməni cəmiyyətini küçələrə axın etməyə vadar edə bilər, bu, istisna deyil. Sadəcə, indiki reallıqda inandırıcı deyil. Hər nə qədər Sarkisyanın rəhbərlik etdiyi Qarabağ klanına qarşı böyük narazılıqlar olsa da, bu narazılıqların kütləvi şəkildə nə zaman partlayacağını bəri başdan proqnozlaşdırmaq mümkün deyil”.
Şəymən