"Sarkisyanın danışıqlardan sonrakı HƏRƏKƏTLƏRİ..."

Asim Mollazadə: "Ermənistan 25 il oynadığı oyunları davam etdirir"


"Ermənistan beynəlxalq təzyiq nəticəsində yenidən danışıqlara qaytarılıb”.

Bunu "Sherg.az”a millət vəkili Asim Mollazadə deyib. Deputat bildirib ki, düşmən danışıqlara qayıtmaqla əvvəlki oyunlarını davam edəcək:

"Serj Sarkisyan danışıqların imitasiyası ilə məşğul olacaq. Ermənistan sülh istiqamətində heç bir addım atmağa hazır deyil. Bu dövlət öz işğalçı siyasətini davam etdirir. Çünki işğalçıya qarşı beynəlxalq təşkilatlar, böyük dövlətlər və vasitəçilər hansısa qınaq müəyyənləşdirməyib. Ona görə, Ermənistan 25 il oynadığı oyunları davam etdirir.

Sarkisyanın danışıqlardan sonrakı hərəkətləri də onu göstərir ki, ermənilər həmişəki oyunları oynayacaqlar. Mən Ermənistan tərəfindən ciddi yanaşma, müzakirələr gözləmirəm. Çünki onlar sülh istəmir”.

Qeyd edək ki, Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov da Ermənistan prezidentinin danışıqlardan sonrakı addımlarını tənqid edib. N. Məmmədov bildirib ki, S. Sarkisyan yenə öz ampluasındadır:

"Adətinə uyğun olaraq, danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır. Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa, həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir".

Aysel Aslan