4 ay ərzində 41830 material nəzərdən keçirilib. materiallardan 1489-u Dağlıq Qarabağ münaqişəsi barədə olub
Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım" İctimai Birliyinin "İnternet media resurslarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin sistemli şəkildə yayılmasına dəstək" adlı layihəsinin nəticələri açıqlanıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşan layihə çərçivəsində müəyyən olunmuş internet media resursları üzərində 4 aylıq monitorinqlərin yekun hesabatı ictimaiyyətə təqdim olunub.
Birliyin sədri Asəf Quliyev məlumat verib ki, layihə çərçivəsində müəyyən olunmuş saytların monitorinqi aparılıb və - ziyarətçi çoxluğu, mövzuya həssaslıq, müstəqil media qurumu olması tələbləri əsas götürülüb. Layihə təşkilatçısı vurğulayıb ki, aparılan monitorinqlər - mənbələr, mövzular, eksklüzivlik və alternativ mənbələrin olub-olmaması parametrləri üzrə keçirilib: "Monitorinq zamanı 4 ay ərzində 41830 material nəzərdən keçirilib.
Nəzərdən keçirilən materiallardan 1489-u Dağlıq Qarabağ münaqişəsi barədə olub. İlkin müşahidələr göstərdi ki, materialların böyük əksəriyyəti rəsmi mənbələrə istinadlar yayılıb. Bəzi hallarda rəsmi strukturlar (Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi) informasiyaların ləngidilməsinə yol verir ki, bu da sosial şəbəkələrdə alternativ informasiyaların yayılması ilə nəticələnir.
Rəsmi mənbələrin informasiyanı gecikdirməsi media strukturlarının sosial mediaya istinadla informasiya yayması ilə nəticələnir. Bu da sosial medianın rəsmi medianı üstələməsinə səbəb olur". A.Quliyevin sözlərinə görə, monitorinqlər zamanı Ermənistan mediasına istinadların çoxalması müşahidə olunur:
"Ermənistan mediasına istinadla yayılan informasiyalar içərisində bəzən hətta məişət məsələləri belə Azərbaycan media orqanlarında işıqlandırılır. Monitorinq olunan saytların birində gün ərzində yayılan 122 materialdan 4-ü Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. Bu materiallardan cəmi biri Ermənistan mediasına istinadla verilib. Amma elə həmin gün saytda 13 material Ermənistandakı siyasi proseslərə həsr olunub. Hamısı da erməni mediasına istinadla verilib. Ermənistanda baş verən proseslərə həssaslıq "məxməri inqilab" zamanı daha çox müşahidə olunub".
Qurum rəhbəri onu da əlavə edib ki, saytlarda Dağlıq Qarabağ münaqişəsinin tarixinin işıqlandırılması qənaətbəxş olmayıb: "İşğal olunmuş rayonlar barədə materiallara ancaq işğal günlərində rast gəlinib. Hazırlanan mənbələrdə alternativ mənbələr yox səviyyəsindədir. 4 ayda cəmi bir-iki materialda alternativ mənbəyə istinad edilib".
İsmayıl