"Second hand” geyimlərin sağlamlığa təhlükəsi varmı? - İZAH




"Xaricdən gələn, ikinci əl və ya yeni məsulların sağlamlığa zərərli olması və ya olmaması Dövlət Gömrük Komitəsi tərəfindən yoxlanılır”.

Bunu Sherg.az-a Azərbaycanda fəaliyyət göstərən "second hand” dükanlarına nəzarətin olmamasının səbəblərini şərh edərkən iqtisadçı-ekspert Nazim Bəydəmirli deyib. 

O bildirib ki, yalnız müasir sertifikasiyanı keçdikdən sonra həmin mallar Azərbaycan bazarına daxil olur:

"Əslində bunun Azərbaycan, Bakı üçün böyük aktual olduğunu düşünmürəm. Təcrübə ondan ibarətdir ki, belə mallar göndərilən ölkədən qəbul edilən ölkənin müxtəlif standartlarına cavab verən formada göndərilir. Ona görə, məsələnin üzərinə fokuslaşmağın tərəfdarı deyiləm. İkinci əl malların satışı üçün Azərbaycanın daxilində də ticarət şəbəkələri təşkil oluna bilər. 

Təbii ki, bu istiqamətdə işlər aparmaq lazımdır. Əhalinin bir qisminin maddi vəziyyəti aşağı olduğundan ikinci əl geyimlərdən istifadə edə bilər. Bu daha çox gigiyenik və digər sertifikatların verilməsi ilə həyata keçirilir. Müxtəlif formada insan sağlamlığına ziyan vuracaq məhsulun buraxılma mexanizmi adi məhsullar üçün necədirsə, ikinci əl məsullar üçün də elə olmalıdır”.

Qeyd edək ki, Respublika Sanitariya-Karantin Müfəttişliyinin Sanitar Gigiyena şöbəsinin müdiri Saleh Novruzi ölkədə fəaliyyət göstərən "second hand” dükanlarına nəzarət olmadığını deyib. Onun sözlərinə görə, əvvəllər ölkəyə gətirilən "ikinci əl” paltarlarına Sanitariya-Karantin Müfəttişliyi tərəfindən nəzarət həyata keçirilirdi. Lakin 2016-cı ildə Nazirlər Kabinetinin tərəfindən təsdiq edilmiş "Sanitariya nəzarətində olan məhsulların siyahısı”na geyinilmiş paltarlar daxil edilmədiyindən hazırda bu geyimlərə müfəttişlik tərəfindən nəzarət edilmir.

Aysel Aslan