Səfər ilin yekunlarına hesablanıb

Həmsədrlər yenə gəldi, yenə nəticə gözlənilmir



ATƏT-in Minsk Qrupunun həmsədrləri - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kasprşik Yerevanda Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşüblər.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıb, cəbhə xəttindəki vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, həmsədrlər Azərbaycana da gələcəklər. Eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 31-də Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək növbəti monitorinqdə iştirak edəcəklər.

Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu səfər həmsədrlərin regiona ilin sonunun yekunlarına hesablanıb:

 "Ermənistanın keçid baş naziri Nikol Paşinyanla görüşdə həmsədrlər ötən ay tərəflərin Düşənbədə razılaşmalarına əməl etmək səyləri və atəşkəsin qorunması müzakirə predmeti olub.

Əsasən həmsədrlərdən ABŞ istisna olmaqla, Fransa və Rusiya münaqişənin nizamlanmasında maraqlı deyil. Hesab edirəm ki, Fransanın regional bələdiyyə sədrlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi, burada qondarma rejimlə qanunsuz müqavilələr bağlaması, bu ölkənin Minsk Qrupunun həmsədri kimi fəaliyyətinə kölgə salır. Həmsədrlərin Yerevandan sonra Bakıda aparacaqları danışıqlarda hər hansı bir ciddi nəticə gözlənilmir. ABŞ və Rusiya münaqişənin həllində ayrı-ayrı həll formullarına malikdir. Vaşinqton hazırda Qarabağ münaqişəsinin həllində maraqlı görünür və təklif etdiyi həll planı Azərbaycanın milli maraqlarına cavab verir. Rusiya və Fransaya gəldikdə isə bu ölkələrin hər hansı bir təklifi Azərbaycan tərəfindən qəbul olunmayıb.

Paşinyanla görüşdə əsas maraqlı tərəf amerikalı həmsədr olub. Çünki Vaşinqton Paşinyandan tezliklə münaqişənin nizamlanmasını istəyir”.

Politoloq Qabil Hüseynlinin fikrincə isə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistana səfərində əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların bərpa edilməsi və danışıqlara təkan verməkdir. Məhz birinci Ermənistana getməkdə də məqsəd odur ki, burada hakimiyyət dəyişikliyi baş verib.

Onun sözlərinə görə, bu gün Ermənistan dövləti danışıqların ruhuna zidd olan bəyanatlar verir: 

"Zənnimcə, Ermənistanın tutduğu mövqe hələ ki, bu proseslərə yardım etməyə hesablanmayıb. Bu nöqteyi-nəzərdən mənə elə gəlir ki, onları Ermənistanda çətin danışıqlar gözləyir. Hər halda həmsədrlər uğurlu nəticəni ortaya qoymaq fikrindədirlər. Məqsədləri ekspertlər, XİN rəhbərləri, prezidentlər səviyyəsində danışıqları bərpa etməkdir. Amma mən bu danışıqlar prosesinin konstruktiv nəticələnəcəyinə o qədər də bel bağlamıram. Çünki Ermənistanın tutduğu mövqe danışıqların dinamikasına qulluq etmir".

Şəymən